
“Sərhədlərin qorunması, ərazi bütövlüyümüzün, təhlükəsizliyimizin təmin olunmasında əsas funksiyanı yerinə yetirən Azərbaycan Ordusunun yaranmasından 108 il keçir. 108 il əvvəl çətin şərtlər altında yaranan Azərbaycan Ordusu bu gün təkcə regionun deyil, eləcə də dünyanın güclü ordularından biri kimi xarakterizə edilir. Azərbaycan Ordusunun bu günkü səviyyəyə gəlib çatması heç də asan başa gəlməmişdir və dünəndən bu günə qədər Silahlı Qüvvələrimiz şərəfli yol keçib”.
Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan Ordusunun zamanın sınağından uğurla keçib bugünkü səviyyəyə çatmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub:
“Azərbaycan ordusunun yaradılması istiqamətində fəaliyyətlərə Ümummilli Lider hələ sovetlərin zamanında başlamışdı desək yanılmarıq. Heydər Əliyevin Moskvanın sərt xətt siyasəti və bəzi müttəfiq respublikalarda mümkün qədər hərbi təyinatlı kadrların yetişdirilməməsi prinsipinə zidd olaraq Ulu Öndər 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu”.
İlham Məmmədov deyib ki, Heydər Əliyev müstəqillik illərində də sovetlərin zamanında başladığı işi davam etdirib və gərgin əməyi sayəsində müstəqil Azərbaycan Respublikasının nizami ordusu formalaşıb:
“Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı”.
Millət vəkili deyib ki, Ulu Öndər 90-cı illərin əvvəllərində xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğuna xüsusi diqqət yetirməyə başladı:
“Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir”.
Deputat onu da qeyd edib ki, Ulu Öndərin ordu quruculuğu sahəsində fəaliyyəti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
”Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk gündən ordu quruculuğuna xüsusi diqqət ayırması, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atdığı addımlar, Silahlı Qüüvvələrin müasir silahlarla təchiz olunması bizə Tarixi Zəfərimizi qazandırdı. Ali Baş Komanddan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində və 23 saatlıq antterror əməliyyatlarında ərazi bütövlüyü və suverenliyimizi tam bərpa edərək təkcə Azərbaycan deyil, eləcə də dünya hərb tarixinə adını yazdı. Təsadüfi deyil ki, bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi dairələrində Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində istifadə etdiyi döyüş taktikası öyrənilir”.
Süleyman











































