Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkmənistanı birləşdirən kifayət qədər zəngin irs və mədəni dəyərlər mövcuddur


Azərbaycan və Türkmənistanı birləşdirən kifayət qədər zəngin irs və mədəni dəyərlər mövcuddur. Eyni soy - köklə yanaşı, xalqlarımız zaman - zaman eyni imperiyaların tərkibində yaşamış və mədəni bağlar qurmuşdur. Bütün bunlar dövlətlərarası münasibətləri inşa və inkişaf etdirmək üçün lazım olan təməl səbəblərdən bir neçəsidir.
Bununla paralel olaraq müasir münasibətlər sisteminin öz qanunauyğunluqları var və siyasi-iqtisadi maraqlar bir çox hallarda yaxınlaşmaları zəruri edir.
Sevindirici haldır ki, rəsmi Bakı və Aşqabad ikitərəfli əlaqələri inkişaf etdirmək üçün bütün mənbələrə sahibdir. Bu mənada, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ölkəmizə səfəri əməkdaşlığımızın inkişaf tempini sürətləndirmək baxımından əhəmiyyətlidir.

Təbii ki, ikitərəfli əlaqələrdən danışırıqsa buradakı məna və maraqları da xüsusi olaraq qeyd etməliyik. Türkmənistan üçün Azərbaycanın əhəmiyyəti hər keçən gün daha artıq strateji məna kəsb edir. Sözügedən ölkə zəngin karbohidrogen ehtiyatlarına malik olsa da, ixrac prosesi potensialın çox-çox aşağısındadır. Bunun ilk növbədə geosiyasi səbəbləri mövcuddur. Yəni, Rusiya və Çin faktoru.
Lakin Rusiya - Ukrayna müharibəsinin reallıqları bahalı və ən böyük bazarlardan biri olan Avropa bazarında yeni standartlar formalaşdırdı və onların diqqətləri Transxəzər regionuna fokuslandı. Burada isə lazımı infrastrukturu qurmağı bacaran yeganə dövlət Azərbaycandır və Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır. Hansı ki, bu qapının perspektivləri Çin və Rusiyanın təqdim etdiklərindən çox daha böyükdür.
Bu səbəbdən rəsmi Aşqabad müasir siyasi münasibətlər sistemində artıq effektiv hesab edilməyən özünün neytrallıq strategiyasından pillə-pillə geri çəkilir. Azərbaycanla münasibətləri dərinləşdirmək isə böyük ölçüdə Türk dünyası ilə əlaqələri zənginləşdirmək mənasına gəlir. Çünki əksər təşəbbüslər məhz paytaxt Bakıdan irəli sürülür. Bu çərçivədə cənab Prezident İlham Əliyevin Türkmənistana hədiyyə etdiyi tanker həm rəmzi məna daşıyır, həm də iqtisadi perspektivlərin reallaşacağını təsdiq edir.

Siyasi şərhçi Pərviz Mirizadə.
Xəbəri paylaş