
• Məlum olduğu kimi iyunun 24-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Qayıdış hüququna dair beynəlxalq konfrans keçirilib.
• Konfransda Qərbi Azərbaycanlı həmvətənlərimiz iştirak edib və etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarına qayıdışı məsələsini qaldırıblar. Konfrans iştirakçıları tərəfindən ABŞ Konqresinin üzvlərinə müraciət ünvanlanıb.
• Bir Qərbi Azərbaycanlı kimi bu təşəbbüsü alqışlayaraq Azərbaycanın növbəti uğuru kimi dəyərləndirirəm.
• Uzun illər erməni lobbisinin saxta təbliğatı üzərindən Azərbaycan həqiqətlərinə ABŞ Konqresində laqeyd yanaşılırdı.
• Cənab Prezident İlham Əliyevin apardığı qətiyyətli xarici siyasət nəticəsində Azərbaycan Zəfəri qazanmaqla həm ədaləti bərpa etdi, həm də erməni lobbisinin yalanlarını beynəlxalq müstəvidə neytrallaşdırdı.
• 2022-ci ilin dekabrında Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında görüşdə bildirmişdi ki, biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır.
• Ötən 4 ildə həqiqətən də, soydaşlarımızın hüquqi-siyasi hüquqları ilə bağlı əhəmiyyətli addımlar atılıb. Beynəlxalq təşkilatlarla fəal iş aparılb. Artıq beynəlxalq birlik erməni diasporunun ölkəmizə qarşı yönələn saxtakar mövqeyinə inanmır, Azərbaycan həqiqətləri reallıq kimi qəbul olunur.
• Eləcə də, ABŞ-da da Azərbaycanın ədalətli regional əməkdaşlıq modeli, sülhpərvər siyasəti təqdir edilir. Qərbi Azərbaycanla bağlı həqiqətlər də artıq Amerikada ciddi qəbul edilir.
• Azərbaycan dövlətinin və Bakı Təşəbbüs Qrupunun qayıdışla bağlı apardığı fəal işin nəticəsidir ki, Vaşinqton azərbaycanlılar zorla öz torpaqlarından deportasiyasına və hüquqlarının təmin edilməsinə məsuliyyətlə və çox ciddi yanaşmaqdadır.
• Hesab edirəm ki, Ermənistan beynəlxalq hüquq prinsiplərinə əməl edərək azərbaycanlıların qayıdış hüququnu tanımalı və bu istiqamətdə konkret əməli addımlar atmalıdır.
• Qayıdışın öz həllini tapması sülh sazişini daha da möhkəmləndirə bilər, çünki sülh həm də ədalət bərpa edildikdə daha etibarlı və güclü olur.
• Mən inanıram ki, Cənab Prezident Qarabağı, Xankəndini, Xocalını erməni tapdağından azad etdiyi kimi Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı üçün də uğurlu nəticəyə nail olacaq.
• Qəti əminəm ki, Qərbi Azərbaycana, Göyçəyə qayıdacağıq!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor












































