
Mediasiya Şurasının İdarə Heyətinin üzvləri ilə İntizam Komissiyasının rotasiya əsasında bu günədək fəaliyyət göstərmiş bütün tərkiblərinin üzvlərinin iştirakı ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə İntizam Komissiyasının hazırkı və əvvəlki tərkiblərində fəaliyyət göstərmiş üzvlər iştirak ediblər. Üzrlü səbəblərdən Komissiya üzvləri Bəylər Məmişov və Yusif Həsənov tədbirdə iştirak edə bilməyiblər. Əvvəlki tərkibin üzvü Oğul Kərimovun əvəzinə onun həmtəsisçisi olduğu Bakı 16 saylı mediasiya təşkilatının direktoru Ramiq Qardaşov tədbirdə iştirak edib.
Tədbir zamanı Mediasiya Şurasının İntizam Komissiyasının ötən fəaliyyət dövrü ərzində gördüyü işlər, həyata keçirilmiş intizam icraatları, qəbul edilmiş qərarlar, formalaşdırılmış təcrübə və gələcək fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, İntizam Komissiyası fəaliyyət göstərdiyi müddətdə "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun, Mediasiya Şurasının Nizamnaməsinin və İntizam Komissiyası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq intizam icraatlarının obyektiv, qərəzsiz və şəffaf şəkildə araşdırılmasını təmin etməklə yanaşı, mediatorların peşə etikası prinsiplərinin qorunmasına və mediasiya institutunun inkişafına mühüm töhfə verib.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvləri Əli Nəbiyev (Ali Nabiyev) və Sima Yaqubova (Sima Yagub), eləcə də İntizam Komissiyasının sədri Mayıl Bayramov çıxış edərək Komissiyanın həm əvvəlki, həm də hazırkı tərkibində fəaliyyət göstərmiş bütün üzvlərə ictimai əsaslarla həyata keçirdikləri məsuliyyətli, peşəkar və səmərəli fəaliyyətə, həmçinin Mediasiya Şurasının inkişafına verdikləri dəyərli töhfələrə görə təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, Komissiyanın fəaliyyəti intizam mexanizminin formalaşmasına, mediator peşəsinə ictimai etimadın gücləndirilməsinə və mediasiya institutunun inkişafına mühüm töhfə verib.
Görüş zamanı Mediasiya Şurası İdarə Heyətinin qərarına əsasən, İntizam Komissiyasının hazırkı və əvvəlki tərkiblərində fəaliyyət göstərmiş üzvlərə Mediasiya Şurasının fəaliyyətinə verdikləri töhfələrə görə fəxri diplomlar təqdim olunub.
Fəxri diplomla təltif olunanlar:
Hazırkı tərkibdən: Mayıl Bayramov, Orxan Mahmudov, Yusif Həsənov, Venera Əsgərova və Esmira Rzayeva.
Əvvəlki tərkibdən: Mayıl Əhməd, Oğul Kərimov, Rəfael Cabbarov, Gülşən Salmanova, Tünzalə Hacıyeva və Bəylər Məmişov.
Tədbirdə, həmçinin "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa və Mediasiya Şurasının İntizam Komissiyası haqqında Əsasnaməyə uyğun olaraq rotasiya prinsipi əsasında formalaşdırılmış İntizam Komissiyasının yeni tərkibi elan olunub. Bildirilib ki, yeni tərkib 1 iyul 2026-cı il tarixindən fəaliyyətə başlayacaq və öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq ictimai əsaslarla davam etdirəcək.
İdarə Heyəti tərəfindən İntizam Komissiyasının yeni təyin olunmuş üzvləri – Əli Babayev, Tural Həsənli və Feyzulla Mehdiyev iştirakçılara təqdim olunub. Yeni təyin olunmuş Komissiya üzvləri təbrik edilərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Eyni zamanda, İntizam Komissiyasının bundan sonra da mediasiya institutunun inkişafına, peşə etikası prinsiplərinin möhkəmləndirilməsinə və intizam icraatlarının obyektiv həyata keçirilməsinə mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub. Həmçinin qeyd olunub ki, rotasiya qaydasında fəaliyyət müddəti başa çatmış Komissiyanın keçmiş üzvlərinin zəngin nəzəri və praktik təcrübəsindən gələcək fəaliyyət zamanı da geniş istifadə ediləcək.
Beləliklə, rotasiya prinsipi əsasında formalaşdırılmış Mediasiya Şurasının İntizam Komissiyasının yeni tərkibi növbəti 6 aylıq fəaliyyət müddəti üçün aşağıdakı tərkibdə elan olunub:
Mayıl Bayramov – sədr;
Əli Babayev – sədr müavini;
Yusif Həsənov – üzv (Naxçıvan Muxtar Respublikası üzrə);
Feyzulla Mehdiyev – üzv;
Tural Həsənli – üzv.
Səmimi və konstruktiv şəraitdə keçən görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Süleyman












































