
Mərkəzi-Aran Regional Təhsil İdarəsi və Mingəçevir Şəhər Təhsil Sektoru tərəfindən haqsızlıqla üzləşən müəllimə Sevinc Məmmədova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.
Newscenter.az həmin müraciəti təqdim edir:
Hörmətli Mehriban xanım Əliyeva!
Sizə bir müəllim, bir vətəndaş və uzun illər məktəbəqədər təhsil sahəsində çalışan bir insan kimi müraciət edirəm. İllərdir eyni sualı dövlət qurumlarına ünvanlayıram, lakin bu günə qədər hüquqi əsaslandırılmış cavab ala bilmirəm. Çalışdığım məktəbəqədər təhsil müəssisəsində vəzifə adlarının dəyişdirilməsi və məktəbəhazırlıq qrupları ilə bağlı müxtəlif göstərişlər verilib. Bu dəyişikliklərin Nazirlər Kabinetinin qərarına əsaslandığı bildirilsə də, dəfələrlə rəsmi hüquqi sənəd tələb etməyimə baxmayaraq, həmin qərar mənə təqdim edilməyib.Müxtəlif dövlət qurumlarından fərqli izahlar verilir, lakin bu dəyişikliklərin hüquqi əsasını təsdiq edən rəsmi sənəd hələ də ictimaiyyətə açıqlanmır.
Mən heç kimin əleyhinə mübarizə aparmıram. Mənim yeganə istəyim dövlət qurumlarının qanun çərçivəsində fəaliyyət göstərməsi, müəllimlərin və müəssisə rəhbərlərinin hüquqi əsası olmayan göstərişlərlə üz-üzə qalmamasıdır.Sizdən xahiş edirəm ki, bu məsələnin araşdırılmasına köməklik göstərəsiniz. Əgər vəzifə adlarının dəyişdirilməsi və məktəbəhazırlıq qrupları ilə bağlı Nazirlər Kabinetinin və ya digər səlahiyyətli dövlət orqanının rəsmi qərarı mövcuddursa, onun ictimaiyyətə təqdim olunması təmin edilsin. Əgər belə bir qərar yoxdursa, hüquqi əsası olmayan göstərişlərin verilməsinin qarşısı alınsın. Mənim tələbim yalnız qanunun aliliyinin təmin olunması, müəllimlərin hüquqlarının qorunması və təhsil sistemində şəffaflığın bərqərar edilməsidir.
Ümid edirəm ki, müraciətim diqqətlə araşdırılacaq və bu məsələyə qanunvericiliyin tələblərinə uyğun şəkildə aydınlıq gətiriləcək.
NEWSCENTER.AZ












































