İdarəçilikdə bitməyən ssenarilər və unudulan Naxçıvan
Tarix: Bu gün, 14:29
Naxçıvanda son günlər baş verənlər, mediada tirajlanan xəbərlər və pərdəarxası oyunlar artıq gizli deyil.
Ortada aydın bir mənzərə var: idarəçilikdə yaranan "üçtirəlik" — yəni Ali Məclis, Nazirlər Kabineti və Prezidentin səlahiyyətli nümayəndəliyi arasında gedən qruplaşmalar və nüfuz davası.
Bəs bu taxt-tac oyunlarının, kreslo davasının fonunda unudulan kimdir? Əlbəttə ki, sadə Naxçıvan sakini!
Xalqın dilindən desək, yuxarıda fillər döyüşür, aşağıda xalq əzilir. Gəlin, məsələyə bəzi birtərəfli media orqanları kimi yazılmış ssenarilərlə yox, reallığın gözüylə baxaq.
Kim gəlir, özünə komanda yığır: Bəs vətəndaş harda qaldı?
Naxçıvanda illərlə kök salmış köhnə sistemin vurduğu zərbələrdən sonra, hər gələn rəhbər sanki bir "xilaskar" kimi təqdim olundu. Amma nəticə nə oldu?
Vasif Talıbovun dövrü:Muxtar respublikanı onsuz da iflic vəziyyətinə salmışdı, insanları candan bezdirmişdi.
Fuad Nəcəfli dövrü: Böyük ümidlərlə gəlsə də, gedişat tam tərsinə oldu. "İslahat" adı altında xeyli sayda insan qanunsuz şəkildə işindən edildi, işsizlər ordusu bir az da böyüdü.
Ətrafına 4-5 nəfər yığıb ölkə-ölkə gəzməkdən, taxıl anbarlarını boşaltmaqdan və ciddi nöqsanlara yol verməkdən başqa ortada hansı yenilik var? Yoxdur! Yenə də eyni ssenari: kim gəlir, köhnələri təmizləyir, özünə yeni komanda yığır. Bu da təbii olaraq daxili narazılığı və xaosu pik həddə çatdırır.
Bu gün Ceyhun Cəfərovun kadr islahatları aparması, yeniliklər etməyə çalışması gənc kadr kimi təqdirəlayiqdir. Ali Məclis sədrinin əvəzləyicisi Bəxtiyar Məmmədovun da öz mövqeyini qorumağa çalışması idarəçilik baxımından anlaşılandır. Amma sual olunur: Bu vəzifə davası içində vətəndaşın taleyini nə zaman düşünəcəksiniz?
Naxçıvan sakini niyə Türkiyəyə axın edir?
Bu gün muxtar respublikada ən ağrılı, ən qanlı yara işsizlikdir. İnsanlar evlərinə çörək apara bilmirlər. Bu işsizliyin, çarəsizliyin ucbatından Naxçıvan sakinləri kütləvi şəkildə doğma yurdlarını qoyub Türkiyəyə, qürbətə axın edirlər.
Niyə heç kim bu köçün, bu fəlakətin əsas mahiyyətini, səbəbini araşdırmır?
Niyə heç bir məmur maraqlanmır ki, bu camaat niyə didərgin düşür?
Medyada bəzi qüvvələr isə elə hey bu qruplaşmaların davasını işıqlandırır, araya nifaq salır, süni gərginlik yaradır. Çünki bu, yuxarıların yazdığı gözəl bir ssenaridir. Amma Naxçıvanın bu gün ssenarilərə yox, real çarələrə ehtiyacı var!
Məhv olmuş təhsil sistemi ayağa qaldırılmalıdır.
Bərbad gündə olan səhiyyə dirçəldilməlidir ki, insan xəstələnəndə hara gedəcəyini bilsin.
Ən əsası, insanlara iş yerləri verilməlidir. Yeni ideyalar, yeni iqtisadi yollar tapılmalıdır.
Bakıdan uzaq Naxçıvanın taleyi necə olacaq?
Bakıdan baxanda Naxçıvan bəlkə də sadəcə xəbər lentlərindəki siyasi çəkişmə meydanı kimi görünə bilər. Amma orda yaşayan, torpağı qoruyan real insanlar var. Ceyhun müəllimin bu addımlarının özünü nə dərəcədə doğruldacağını zaman göstərəcək və biz də bunu izləyəcəyik.
Amma əsas mövzumuz mediada kiminsə reytinq xatirinə yaratdığı süni narazılıqlar yox, Naxçıvan sakininin taleyi olmalıdır.
"Şərq Qapısı" Davası: Həqiqətən Qəzet Bağlanır, Yoxsa Bu Bir Bəhanədir?
Naxçıvanın 100 illik "Şərq qapısı" qəzeti ətrafında yaranan səs-küy də bu gizli taxt-tac davasının bir hissəsidir.
Bu qəzet illərdir Ali Məclisin, yəni yerli rəhbərliyin əlində bir təbliğat silahı olub. İndi bu qəzetin işçilərinin ixtisar olunması, çapının dayandırılıb onlayn formata keçirilməsi söhbəti köhnə sistemin adamlarını dəli edir. Çünki əllərindəki sonuncu tribunaları da gedir.
Əhaliyə belə təqdim edirlər ki, guya "Bakıdan gələnlər bizim tariximizi, mətbuatımızı məhv edir". Məqsəd yerli camaatda narazılıq yaratmaqdır.Maraqlı məsələ buradadır ki,bəzi media nümayəndələri bu məsələni tam fərqli şəkildə tirajlayırlar.
> Xalqın tələbi aydındır: Xalqa vəzifə davası, klanların savaşı, boş vədlər yox; iş yeri, çörək, normal təhsil və səhiyyə lazımdır! Ssenariləri kənara qoyub, vətəndaşın dolanışıqına baxmaq lazimdır!
Sima Babayeva













































