
"Milli Mətbuat Günü Azərbaycan mediasının keçdiyi yolu və qarşısında duran vəzifələri dəyərləndirmək üçün bir fürsətdir. Mən də bu fürsəti dəyərləndirərək qeyd edim ki, Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat ənənəsi bu gün tamamilə fərqli informasiya mühitində fəaliyyət göstərir. Rəqəmsallaşma, sosial şəbəkələrin sürətli inkişafı və informasiya müharibələrinin genişlənməsi medianın üzərinə əvvəlkindən daha böyük məsuliyyət qoyur".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, son illərdə Azərbaycanda media sahəsinin institusional inkişafı istiqamətində mühüm addımlar atılıb:
"Medianın İnkişafı Agentliyinin fəaliyyəti, Media Reyestrinin yaradılması, jurnalistlərin peşəkarlığının artırılmasına yönəlmiş layihələr və bu istiqamətdə həyata keçirilən digər fəaliyyət dövlətin bu sahəyə xüsusi diqqət ayırdığını göstərir. Bu, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi və peşəkar jurnalistikanın inkişafı üçün yeni imkanlar yaradıb.
Medianın dövlət dəstəyindən nə dərəcədə səmərəli istifadə etdiyinə gəldikdə isə qeyd edim ki, bu gün Azərbaycan mediasında peşəkar, operativ və məsuliyyətli informasiya təqdim edən nümunələr kifayət qədərdir. Bununla yanaşı, sensasiya naminə dəqiqləşdirilməmiş məlumatların yayılması, sosial şəbəkələrdə yayılan xəbərlərin yoxlanılmadan tirajlanması və bəyənmə sayı uğrunda rəqabət kimi problemlər də qalmaqdadır. Əslində isə müasir jurnalistika yalnız xəbəri ilk vermək uğrunda mübarizə aparmamlıdır. Eyni zamanda ən dəqiq və etibarlı məlumatı təqdim etmək bacarığını nümayiş etdirməlidir".
Yusif Bağırzadə qeyd edib ki, hazırda Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi mühit mediadan daha məsuliyyətli olmağı tələb edir:
"Çünki informasiya artıq klassik xəbər vasitəsi olmaqdan çıxıb və faktiki olaraq milli təhlükəsizlik elementinə çevrilib. Dezinformasiya, saxta xəbərlər və xarici informasiya təsirləri fonunda media operativliklə yanaşı, faktların dəqiqliyini də prioritet hesab etməlidir. Cəmiyyətin düzgün məlumatlandırılması, milli maraqların peşəkar şəkildə izah olunması və beynəlxalq auditoriyaya etibarlı informasiya çatdırılması medianın əsas missiyalarından biridir.
Bu baxımdan mətbuatdan gözləntilər böyükdür. Bu da təbiidir. Çünki, müasir media həm də analitik düşüncəni formalaşdıran, ictimai maarifləndirməyə töhfə verən və cəmiyyətlə dövlət arasında sağlam kommunikasiya yaradan institut olmalıdır.
Düşünürəm ki, Azərbaycan mediası mühüm inkişaf mərhələsinə qədəm qoyub və bunun üçün kifayət qədər həm hüquqi, həm də institusional baza formalaşıb. Qarşıdakı əsas vəzifə isə bu imkanları daha yüksək peşəkarlıq, obyektivlik, məsuliyyət və müasir jurnalistika standartları ilə birləşdirməkdir. Unutmaq olmaz ki, güclü dövlətin güclü mediası cəmiyyətin etimadını qazanan, dəqiq, operativ və məsuliyyətli jurnalistika ilə formalaşır. Mən bu yolda bütün media qurumlarımıza və jurnalistlərimizə uğurlar arzulayıram".
Süleyman













































