
"Avqustun 25-də səhər saatlarında xalqımızın qəddar düşmənlərindən biri, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın evində axtarışlar aparılıb. Ermənistanın ikinci prezidenti və onun böyük oğlu Sedrak Köçəryan saxlanılıb və Antikorrupsiya Komitəsinə aparılıb. Baş Prokurorluq Robert Köçəryana qarşı ittihamlar irəli sürüb.
Ermənistan parlamentinin sədri Ruben Rubinyan sabiq prezident Robert Köçəryanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək varlanmaqda ittiham edib".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O qeyd edib ki, bütün bunlar avqustun 24-də parlamentdə Levon Köçəryan (Robert Köçəryanın kiçik oğlu) ilə Baş nazir Nikol Paşinyan arasında yaşanan söz atışmasından sonra baş verib:
"Paşinyan Robert Köçəryanın 10 il hakimiyyətdə olduğu müddətdə necə milyonçu olmasına dair onun oğluna sual verib. Baş nazir daha sonra bildirib ki, Robert Köçəryanın övladları onun milyonlarını miras ala bilməyəcəklər, çünki qanunsuz əldə edilmiş bütün əmlak geri qaytarılmalıdır. Paşinyan bunu “Köçəryan və Sarkisyan klanı”nın bütün nümayəndələrinə aid edib.
Levon Köçryan isə bildirib ki, demokratik ölkədə hökumət başçısının bu cür açıqlamalar verməyə və insanı heç bir əsas olmadan günahkar elan etməyə haqqı yoxdur.
Gecə saatlarında KİV-də Baş nazirin hüquq-mühafizə orqanlarına Robert Köçəryan və onun oğullarına qarşı prosesə başlanması ilə bağlı göstəriş verdiyi barədə məlumatlar yayılıb".
Komitə sədri deyib ki. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bu gün səhər saatlarında Robert Köçəryanın evinə gəlib. Onun evində axtarış aparıldığı faktı rəsmən təsdiqlənib:
"Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, korrupsiya işlərinin istintaqı çərçivəsində onlarla ünvanda genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir. Ermənistan KİV-in məlumatına görə, Antikorrupsiya Komitəsinin əməkdaşları hazırda Köçəryan ailəsinə məxsus “Orange Premium Fitness Club”da, həmçinin “Toyota” avtomobil salonunda da istintaq məliyyatı həyata keçirirlər.
Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olduğu dövrdə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını uydurma əsaslarla mənimsəyib və bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra obyektlər əldə edib. Söhbət torpaq sahələri və daşınmaz əmlak obyektlərindən gedir.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bununla bağlı yaydığı açıqlamada deyilir: "Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işlərində faktiki məlumatlar əldə edilib ki, Ermənistan Respublikası prezidenti vəzifəsini tutan şəxs, ona yaxın şəxslərlə əvvəlcədən razılaşdırılaraq, vəzifəsindən istifadə edərək, müxtəlif uydurma əsaslarla bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra dövlət və iqtisadi əhəmiyyətli qiymətli əmlaklar əldə edib.
Bu gün aparılan axtarışlar zamanı Köçəryanın ailəsinə məxsus daşınmaz əmlaklara həbs qoyulub. 6 nəfər, o cümlədən keçmiş prezident, onun oğlu və cinayət sxemlərində iştirak edən digər şəxslər saxlanılıb".
Əlisahib Hüseynovun sözlərinə görə, Robert Köçəryan özünü pis hiss etdiyi üçün təcili yardım çağırılıb:
"Köçəryan təcili yardım maşınında MTX əməkdaşlarının müşayiəti ilə xəstəxanaya çatdırılıb.
Eyni zamanda, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan da Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparılıb.
Beləliklə, hər iki quldura, müharibə canisinə - Robert Köçəryan və Serj Sərkisyana qarşı cinayət işi açılıb.
Ermənistan parlamentinin sədri Ruben Rubinyan bəyan edib ki, Robert Köçəryandan və digər korrupsionerlərdən qisas alacaqlar: “Hamınızdan bir-bir qisas alacağıq”.
Gördüyümüz kimi ötən gecə və bu gün səhər saatlarında İrəvanda film kimi hadisələr yaşanıb".
AHK sədri, "Nikol Paşinyan seçkiöncəsi və seçkilərdən sonrakı açıqlamalarında dəfələrlə bəyan etmişdi ki, "üçbaşlı müharibə partiyası" sıradan çıxarılmalı, Ermənistanın siyasi mühiti təmizlənməlidir.
Görünən budur ki, artıq həmin prosesə start verilib. Və qarşıdakı aylarda sözügedən "üçbaşlı müharibə partiyası"nın üçüncü personajı olan sabiq prezident Levon Ter-Petrosyanın da cinayət məsuliyyətinə cəlb edilməsi faktının şahidi ola bilərik.
Məsələ burasındadır ki, bu üç ünsür - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan Ermənistanla Azərbaycan arasında sülh prosesinin inkişafına mane olan revanşist qüvvələrin başında gəlirlər. Paşinyanın onların sıradan çıxarılmasına, neytrallaşdırılmasına start verməsi taktiki baxımdan düzgün addımdır. İnsanlıq düşmənlərinin ilahi ədalət qarşısında boyun əyməsi labüddür, qaçılmazdır",-deyə vurğulayıb.
Süleyman












































