
“Azad edilmiş ərazilərimizin dağı, daşı, qayası heç kimin şəxsi albomu deyil ki, ora səfər edən hər kəs öz lazımsız və düşünülməmiş məharətini göstərərək cəmiyyətdə haqlı narazılıqlar yaratsın. Azad edilmiş ərazilər tariximizin, milli yaddaşımızın və böyük bir mübarizənin izlərini özündə əks etdirir. Ona görə də Qarabağımızın hər dağı, hər dərəsi, hər qayası, hər qarışı bizim üçün müqəddəsdir. Ən əsası toxunulmazdır. Ona görə də bu ərazilərə gedən hər bir şəxs özünü yalnız ziyarətçi kimi deyil, həm də milli irsə və təbiətə məsuliyyətlə yanaşan vətəndaş kimi baxmalıdır. Ancaq təəssüf hissi ilə qeyd edirəm ki, son dövrlərdə bəzi insanlarımız Qarabağ və Şərqi Zəngəzura səfər zamanı dağlara, qayalara və digər təbii səthlərə öz adlarını, müxtəlif yazıları həkk edərək sanki “tarix” yaratmış olurlar. İlk baxışda bu hal kiməsə adi və zərərsiz kimi görünsə də, ancaq əslində bu davranış ciddi mədəni və eyni zamanda tarixə ləkə vuran problemdir”.
Bunları Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Şuşada, Cıdır düzündə qaya üzərində yazılan yazılara münasibət bildirərkən səsləndirb. O, qeyd edib ki, bəzi vətəndaşlarımız azad edilmiş ərazilərə səfərlər zamanı qayaya öz adını yazmağı və ya hansısa ifadə həkk etməyi xatirə saxlamaq kimi düşünür, belə məsuliyyətsiz hərəkətə yol verir:
“Ancaq unudurlar ki, əsl xatirə getdiyin yeri dəyişdirmək deyil, onu olduğu kimi qoruyaraq gələcək nəsillərə ötürməkdir. Digər tərəfdən ən vacibi, bu addımı atanlar həmin xatirəni, tarixi yazanlar, Qarabağı bizə qaytaranlara qarşı hörmətsizlikdir. Bu gün məsuliyyətsiz insanlarımızın adlarını yazdıqları həmin qayalara, dağlara 44 günlük Vətən müharibəsi zamanı şəhidlərimizin qanı yazılıb. Bu həm də şəhidlərimizin ruhuna hörmətsizlikdir”.
İctimai birlik sədri deyib ki, xüsusilə Şuşaya münasibət daha həssas olmalıdır:
“Çünki Şuşa Azərbaycan tarixində, mədəniyyətində və ədəbiyyatında xüsusi yeri olan şəhərdir. Bu şəhərə gələn insan onun küçələrinə, tarixi tikililərinə, təbiətinə və ümumilikdə ruhuna hörmət etməlidir.
Şuşanın qayalarına ad yazmaqla insan əslində özünü həmin məkanın tarixindən üstün tutmuş olur. Halbuki Şuşaya gedən hər kəs özündən əvvəl burada yaşamış, yaratmış və bu şəhərin tarixində iz qoymuş insanları xatırlamalıdır”.
Süleyman












































