
"Kənd Təsərrüfatı Nazirliyi, nəhayət ki, iri və xırdabuynuzlu mal-qaranın sayının azalmasını, bununla da ölkədə ətin kəskin bahalaşmasını gördü və bu sahədə yeni subsidiyaların tədbiqinə qərar verdi. Amma subsidiya şərtləri elə elan edilib ki, yenə kəndli, kiçik-orta sahibkar, fermerlər kənarda qalacaq".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək:
"Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.
Yaxşı, ölkədə hansı kiçik-orta sahibkarın, fermerin 100 hektar torpağı, 500 və daha artıq baş qoyun-keçisi var?! Bu subsidiyaları kim alacaq? Yaxud, 500 qoyunu olan üçün ildə cəmi 2000 manat subsidiya veriləcəksə, bu hansı dərdə dərman olacaq?! Hələ bu 2000 manatı almaq üçün otlaqlarda, örüş yerlərində münbitlik, biomüxtəliflik artmalıdır – bunun kriterləri nədir?! Bu yaxınlarda suvarma üçün suyun qiyməti qalxdı, münbitliyin artırılması üçün Allaha dua edib yağış istəməklə yanaşı, suvarmaq da lazımdır, ildə bir neçə dəfə suvarsalar, elə 2000 manatı su pulu kimi verməli olmayacaqlarmı?!".
Natiq Cəfərli hesab edir ki, biomüxtəlifliyi təmin etmək üçün xərc lazımdır və 2000 manat bu xərci qarşılamayacaq:
"Əlaqədar qurumlar, müəyyən addımlar atmaq istəyir, bu yaxşıdır, amma, belə təklifləri necə hazırlayırlar, supsidiyaların effektivliyini necə hesablayırlar?".
Süleyman












































