
Türk dünyasının sıx inteqrasiyası təkcə bu coğrafiyaya daxil olan ölkələrin paytaxtlarını bir-birinə yaxınlaşdırmır, paralel olaraq əyalətlər də bu inteqrasiya prosesində yaxından iştirak edir, yeni əməkdaşlıq imkanları formalaşdırır. Bu günlərdə Bakıda keçirilən Şanlıurfa Mədəniyyət Günləri bunu bir daha sübut etdi. İki gün davam edən Şanlıurfa Mədəniyyət Günü peyğəmbərlər şəhərini Bakıya, onun yerli sakinləri və qonaqlarına daha yaxından tanıtdırdı.
Məlumat üçün qeyd edək ki, Şanlıurfa ərazisinə görə Türkiyənin yeddinci ən böyük bölgəsidir. Şəhərin adı 1984-cü ilə qədər Urfa olaraq qəbul edilib. Lakin Türkiyənin müstəqilliyi uğrunda aparılan müharibədə göstərdiyi qəhrəmanlığa görə bu şəhərin adı Şanlıurfa olaraq dəyişdirilib.
Bu şəhər bütün dünyada, xüsusilə də İslam coğrafiyasında peyğəmbərlər şəhəri kimi tanınır. Bu tarixi bölgə həm də insanlığın başlanğıcı hesab edilir. Bəzi rəvayətlərə görə, Adəm (ə.s.) və Həvva bir müddət Urfada yaşayıblar. Deyilənlərə görə, “Böyük tufan”dan sonra Nuh (ə.s.) tərəfindən inşa edilən 18 şəhərdən biri də Urfa olub. Şəhər ərazisində tapılan “Balıqlı göl heykəli”nin nə az-nə çox, düz 11 min 500 illik tarixinin olduğu bildirilir.

Bakıda Şanlıurfa Mədəniyyət Günlərinə proqrama uyğun olaraq sentyabrın 4-ü təşkil olunan möhtəşəm qala gecəsi ilə start verildi. Qala gecəsində qardaş Türkiyənin zəngin irsini, unikal mətbəxini və qədim ruhu fonunda Şanlıurfa mətbəxi və folkloru, musiqisi təqdim edilirdi.
Şanlıurfa Böyükşəhər Bələdiyyəsi tərəfindən, Türkiyənin Bakıdakı Səfirliyi və Yunus Emre İnstitutunun dəstəyi ilə "Tarihin Kalbi Hazar'ın Kıyısı" şüarı altında keçirilən bu möhtəşəm tədbir, iki qardaş ölkə arasında mədəniyyət körpüsünü daha da möhkəmləndirməyə xidmət edirdi.

"Tarixin Qəlbi Xəzərin Sahilində: Şanlıurfa Mədəniyyət Günləri" çərçivəsində təşkil olunan sərgi və mətbuat konfransı da proqrama uyğun keçirilən tədbirlər sırasında idi. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar, Yunus Emre İnstitutunun sədr müavini Ömer Yıldız, həmçinin hər iki ölkənin nümayəndə heyətləri, mədəniyyət xadimləri və mətbuat mənsubları iştirak ediblər. Rəsmi hissədən sonra qırmızı lent kəsilərək Şanlıurfa mədəniyyətinə həsr olunmuş fotoşəkillərdən ibarət sərginin təntənəli açılışı olub.

Şanlıurfa Mədəniyyət Günləri proqramı çərçivəsində baş tutan ən möhtəşəm tədbir isə İçərişəhərin Qoşa qala meydanında Şanlıurfanın zəngin tarixi və mədəni irsini tanıtmaq məqsədilə təşkil edilən “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyəti Günləri”nin rəsmi açılış mərasimi olub.
Tədbirin açılışında bildirilib ki, Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbir Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Tədbirin açılışında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar, TÜİB İdarə Heyətinin sədri Hüseyn Böyükfırat, Yunus Emre İnstitutunun sədr müavini Ömər Yıldız, Samsat Böyükşəhər Bələdiyyəsinin sədri Halil Fırat çıxış edərək tədbirin əhəmiyyətindən, onun verə biləcəyi faydalardan, eləcə də mümkün nəticələrindən danışıblar.

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar tədbirin Türkiyə ilə Azərbaycan arasındakı dostluğu möhkəmləndirmək üçün təşkil olunduğunu bildirib. Şanlıurfanın təkcə musiqisi və mətbəxi ilə deyil, həm də İbrahim peyğəmbərin qonaqpərvərliyi və Əyyub peyğəmbərin səbri ilə tanındığını vurğulayan Gülpınar, şəhərin 12000 illik dərin köklü bir tarixinə sahib olduğunu qeyd edib. Gülpınar deyib: "Bu cür qədim mədəniyyətlərə malik olan bu iki şəhəri daha tez-tez bir araya gətirəcəyik. Bu dostluğu daha da inkişaf etdirəcəyik".

YEE-nin vitse-prezidenti Ömər Yıldız İnstitutun türk mədəniyyətini, tarixini, dilini və incəsənətini dünya miqyasında tanıtmaq missiyasını qətiyyətlə davam etdirdiyini bildirib. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz mədəni əlaqələri vurğulayan Yıldız, Bakının türk dünyasının incəsənət və mədəniyyət həyatında "parlaq bir inci" olduğunu bildirib. Yıldız, Azərbaycandakı fəaliyyətlərin digər ölkələrlə müqayisədə daha güclü və daha möhkəm təməllər üzərində qurulduğunu və İnstitutun məqsədinin yalnız Türkiyəyə məxsus dəyərləri deyil, həm də bütün türk dünyasının ortaq irsini qlobal miqyasda tanıtmaq olduğunu bildirdi.

Samsat Bələdiyyə Başçısı Halil Fırat zəlzələ fəlakəti zamanı göstərdikləri köməyə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür etdi. Samsatın tarixi və mənəvi dəyərlərini vurğulayan Fırat, Bakıdan gələn qonaqları öz rayonlarında qəbul etməkdən şərəf duyacaqlarını bildirdi.

TÜİB prezidenti Hüseyn Büyükfırat, Şanlıurfa və Bakının Xəlifə Ömər dövrünə aid ortaq tarixi və mədəni irsə sahib olduğunu bildirdi. Şanlıurfanın Azərbaycan türk dilinin və mədəniyyətinin Türkiyədə ən sıx qorunub saxlanıldığı yer olduğunu vurğulayan Büyükfırat, Akqoyunlu, Qaraqoyunlu və Şəddadilər dövrlərindən qalan ortaq dəyərlərə, ədəbiyyata və musiqi ənənələrinə diqqət çəkdi. Büyükfırat tədbirin iki şəhər arasında dostluq və qardaşlıq bağlarını gücləndirəcəyini bildirib və onlar arasında birbaşa uçuşların açılmasına ümid etdiyini bildirib.
Çıxışlarda ümumi olaraq bildirilib ki, tədbirin keçirilməsi Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə, xalqlarımızı birləşdirən ortaq tarixi və mədəni dəyərlərin təbliğinə, eləcə də qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

Proqram boyunca Şanlıurfanın təbliğinə həsr olunmuş videomaterialın nümayiş etdirilməsi ilə paytaxt sakinləri və şəhərimizin qonaqları Şanlıurfada Balıqlı göl, “Göbəklitəpə” kimi qədim, eyni zamanda turistik imkanlara malik olan ərazilərin, tarixi-mədəni abidələrin olduğunun qiyabi şahidini çevrildilər. Peyğəmbərlər şəhərindəki bu kimi tarixi məkanlarla yaxından tanış olmaq üçünsə əlavə addımların atılmasına, təyyarə reyslərinin təşkilinə ehtiyac var. Əslində Mədəniyyət Günlərinin bir məqsədi də məhz buna xidmət edir.

Gecə boyunca Şanlıurfadan gəlmiş sənətçilərin qardaş ölkənin musiqilərini qonaqlara təqdim etməsi, Şanlurfa mətbəxindən nümunələrin nümayişi bu məkanı Azərbaycana, azərbaycanlılara daha da yaxınlaşdırmış oldu. Sonda bu proqramda əməyə keçənlərə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar, TÜİB İdarə Heyətinin sədri Hüseyn Böyükfırat, Yunus Emre İnstitutunun sədr müavini Ömər Yıldız, Samsat Böyükşəhər Bələdiyyəsinin sədri Halil Fırata plaketlər təqdim edilib, xatirə şəkli çəkdirilib.

Mədəniyyət günləri çərçivəsində təqdim olunan zəngin sənətkarlıq nümunələri, özünəməxsus Şanlıurfa mətbəxinin dadları və ruhu oxşayan musiqi ənənələri Azərbaycan vətəndaşına, onun qonaqlarına Şanlıurfanın ruhunu addım-addım yaşatdı. Sərgilənən hər bir əl işində, ifa olunan hər bir xalq mahnısında birliyin, eyni kökdən bəhrələnməyin hərarəti duyulurdu.
Türkiyənin Azərbaycandakı səfirliyi, Yunus Əmrə İnstitutu, TUİB və digər müvafiq qurumların dəstəyi ilə ərsəyə gələn bu cür layihələr bir daha sübut etdi ki, belə proqramlar xalqlarımızı daha da yaxınlaşdırır.
Süleyman İsmayılbəyli












































