
"Rusiya - Ukrayna müharibəsinin danışıqlar fazası son günlər kifayət qədər tempoludur. Birləşmiş Ştatlar nümayəndə heyətinin Moskva və Kiyevlə təmasları və Ağ Evin müharibəni sonlandırmaq cəhdləri özlüyündə müsbət bir haldır. Çünki müharibə artıq beş ildir davam edir və müdaxilə olunmasa yaxın perspektivdə sonu görsənmir".
Bunları Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində artan diplomatik fəallığı şərh edərkən deyib. O bildirib ki, burada əsas diqqət çəkən məqam irəli sürülən şərtlərdədir:
"Rusiya Ukraynadan işğal etdiyi ərazilər üzərində öz iddisandan geri çəkilməyi istəyir, Ukrayna isə Rusiyadan Krım daxil bütün işğal etdiyi əraziləri geri qaytarmağı tələb edir. Tərəflərin bu mövqeyi isə prosesi dalana dirəyir. Təbii ki, Ukrayna savaşının təhdidləri indi daha təhlükəli həddə çatır. Müharibə təhdidi Avropaya transformasiya olunur və Almaniyanın, Polşanın öz hərbi hazırlığını artırdığının şahidi oluruq. Bu situasiya isə Vaşinqtonu narahat etməyə bilməz. Çünki yekunda NATO - nun mövqe nümayiş etdirməsi zərurəti yaranacaq".
Pərviz Mirizadə qeyd edib ki, ABŞ üçün Rusiya sıradan bir dövlət deyil:
"Müharibə Rusiyanı tədricən Çindən daha çox aslı vəziyyətə salır və Birləşmiş Ştatlar üçün bu müsbət hal deyil. Bu kimi səbəbləri göz önünə gətirdikdə Ukraynaya təzyiqlər edilməsi qaçınılmazdır. Lakin Kiyev və onun Avropalı müttəfiqlərinin bununla barışması inandırıcı deyil. Xüsusilə, Böyük Britaniya burada ön sırada qərarlaşır. Avropalılar bilir ki, Rusiyaya güzəşt etmək daha böyük ambisiyalara yelkən açacaq və bir müddət sonra Kreml daha böyük iddialarla çıxış edəcək. Buna görə Ukraynanın güzəştə getməsi hesab edirəm ki, olduqca aşağı bir ehtimaldır".
Süleyman











































