Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQEM-in zirvə görüşü Azərbaycana nə vəd edir?

AQEM-in zirvə görüşü Azərbaycana nə vəd edir?



"AQEM-in (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) zirvə görüşünün Azərbaycanda keçirilməsinin əhəmiyyəti təkcə diplomatik tədbirlə məhdudlaşmır. Bu ölkəmizin beynəlxalq mövqeyi, regiondakı rolu, xarici siyasəti və iqtisadi əlaqələri baxımından da əhəmiyyətlidir".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, zirvə görüşünün siyasi əhəmiyyəti bu səbəbdən böyükdür:

"Bu platformanın məqsədi Asiya ölkələri arasında etimadı, təhlükəsizliyi, siyasi dialoqu və iqtisadi əməkdaşlığı gücləndirməkdir. Təşkilatın 28 üzv dövləti var. Azərbaycan 2024-2026-cı illərdə AQEM -ə sədrlik edir. Bakı sammiti həmin sədrliyin əsas yekun tədbirlərindən biridir. Heç şübhəsiz ki Azərbaycan bu tədbir vasitəsilə xarici siyasətdə, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsini təmin edir və bu məqsədlə həmçinin müxtəlif siyasi bloklara və fərqli siyasi maraqlara malik ölkələrlə əlaqələrini inkişaf etdirmək üçün əlavə platforma qazanır. Xüsusilə Çin, Hindistan, Rusiya, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi baxımından ikitərəfli görüşlərin əhəmiyyəti yüksəkdir. Xəzər dənizi, dəmir yolları, limanlar və Orta Dəhliz Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat istiqamətlərindən birinə çevirir".

Çingiz Şahbazi qeyd edib ki, aammit yeni yükdaşımalar, logistika, ticarət və investisiya razılaşmaları üçün imkan yaradır:

"Bakı sammiti dünya mediasında işıqlandırılır və böyük dövlətlərin xarici işlər nazirləri görüşürlər və əlbəttə ki, bütün bunlar Bakını beynəlxalq diplomatik mərkəz kimi dünyaya tanıdır. Həmçinin tədbir ölkəmiz üçün yeni investisiya və ticarət kanalları yaradır. Turizm, logistika, nəqliyyat və xidmət sahələrinə iş yerləri baxımından yeni imkanlar gətirə bilər. Gəlirlər, təhlükəsizlik və beynəlxalq əlaqələr baxımından da əhəmiyyəti dərəcədə yeni imkanlar yarada bilər".

Süleyman
Xəbəri paylaş