
Oktyabr ayı Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi siyasi və tarixi əhəmiyyət daşıyır. Bu ayda baş vermiş hadisələr ölkəmizin müstəqilliyinin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələlər kimi yadda qalıb. Xüsusilə 1993-cü il 3 oktyabr və 2003-cü il 15 oktyabr tarixləri Azərbaycanın siyasi tarixində dövlətçilik ənənələrinin davamlılığını əks etdirən əlamətdar günlərdir.
1993-cü il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin taleyində dönüş nöqtəsi oldu. Həmin dövrdə Azərbaycan ciddi siyasi böhran, iqtisadi tənəzzül, daxili qarşıdurmalar və ərazi itkiləri ilə üzləşmişdi. Belə mürəkkəb şəraitdə xalqın Heydər Əliyevə göstərdiyi etimad dövlətçiliyin qorunması və sabitliyin bərpası istiqamətində yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar müstəqil Azərbaycanın inkişafının strateji əsaslarını formalaşdırdı.
1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi qarşıdurmalar, idarəetmə böhranı, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Ovaxtki hakimiyyət yalnız kreslo haqqında düşünürdü. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır”.
Belə mürəkkəb şəraitdə nəhəng siyasətçinin 1993-cü ilin iyununda siyasi rəhbərliyə qayıdışı və oktyabrın 3-də Prezident seçilməsi ölkənin sonrakı inkişaf istiqamətinin müəyyənləşdirilməsində həlledici mərhələ oldu.
Həyata keçirilən islahatlar, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi ölkənin uzunmüddətli inkişafı üçün mühüm zəmin yaratdı.
Ümummilli Liderin siyasi irsində milli maraqlara sədaqət, müstəqil dövlətçilik və azərbaycançılıq ideologiyası xüsusi yer tuturdu. Ulu Öndər Azərbaycanın müstəqilliyini xalqın ən böyük tarixi nailiyyəti hesab edir, onun qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirirdi. Bu yanaşma ölkənin daxili sabitliyinin təmin olunması ilə yanaşı, beynəlxalq münasibətlər sistemində müstəqil mövqeyinin formalaşmasına da xidmət edirdi.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının mühüm istiqamətlərindən biri də gənclər siyasəti idi. O, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, savadlı və dövlətçilik düşüncəsinə malik şəxsiyyətlər kimi yetişməsini Azərbaycanın gələcək inkişafının əsas təminatlarından biri hesab edirdi. Bu məqsədlə həyata keçirilən tədbirlər gənclərin ictimai-siyasi həyatda fəallığının artırılmasına, onların təhsil və inkişaf imkanlarının genişləndirilməsinə yönəlmişdi. Bu uğurlu siyasət də uğurla davam etdirildi və vətənpərvər, təəssübkeş gənc nəsil yetişdi.
2003-cü il oktyabrın 15-i isə Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin gün keçirilən prezident seçkilərində İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik kursunun davam etdirilməsi ilə xarakterizə olundu. Sonrakı illərdə Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ordu quruculuğu və milli maraqların müdafiəsi dövlət siyasətinin əsas istiqamətləri sırasında yer aldı.
Bu siyasi mərhələnin ən mühüm tarixi hadisələri 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və 2023-cü ildə Azərbaycanın bütün ərazisi üzərində suverenliyini bərpa etməsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi dövründə əldə edilən bu nəticələr müasir Azərbaycan dövlətçiliyinin inkişaf tarixində xüsusi yer tutur.
30 ilə yaxın davam edən işğaldan sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası müstəqil dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan bütün ərazisi üzərində suverenliyini bərpa etdi. Bu tarixi hadisələr ölkənin uzun illər ərzində formalaşdırdığı siyasi, iqtisadi və hərbi imkanların əhəmiyyətini nümayiş etdirdi.
Azərbaycanın bugünkü inkişafında dövlətçilik ənənələrinin davamlılığı mühüm yer tutur. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkənin iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyi sahələrində mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanın “orta güc”ə çevrilməsilə müşayiət olunub.
2026-cı ildə dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edən Azərbaycan üçün ən vacib məsələlərdən biri müstəqilliyin qorunmasında siyasi sabitliyin, milli birliyin və güclü dövlət institutlarının əhəmiyyətidir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri onun dövlətçilik irsinin əsasını təşkil edir. Müstəqilliyin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin yenidən qurulması, milli həmrəyliyin gücləndirilməsi və gələcək inkişafın strateji istiqamətlərinin müəyyənləşdirilməsi nəhəng siyasətçinin siyasi fəaliyyətinin mühüm nəticələri kimi tarixdə öz yerini tutub.
Bu gün müstəqil və suveren Azərbaycanın qarşısında duran başlıca vəzifə əldə olunmuş nailiyyətləri qorumaq, ölkənin davamlı inkişafını təmin etmək və gələcək nəsillərə daha güclü dövlət miras qoymaqdır.
Könül Nurullayeva,
Milli Məclisin deputatı











































