
"Füzuli Şəhər Günü Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təntənəsi və xalqımızın iradəsinin təcəssümü baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün yalnız Füzulinin işğaldan azad olunmasının ildönümü deyil, həm də Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbəyə aparan çətin və şərəfli yolun xatırlanmasıdır".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Füzulinin azadlığına gedən yol illərlə davam edən mübarizədən, xalqımızın torpaq həsrətindən, şəhidlərimizin qanı və qəhrəman hərbçilərimizin fədakarlığından keçib:
"Bu yol Azərbaycanın öz torpaqlarını heç vaxt unutmadığını, milli iradəsinin və dövlətçilik əzminin sarsılmadığını bütün dünyaya nümayiş etdirdi".
Arzuman Muradlı xatırladıb ki, Füzuli Azərbaycanın Qarabağ bölgəsinin strateji baxımdan mühüm ərazilərindən biridir:
"Şəhərin azad edilməsi həm hərbi-strateji, həm də mənəvi-siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu qələbə Vətən müharibəsinin sonrakı mərhələlərində Azərbaycan Ordusunun irəliləyişinə ciddi təsir göstərdi və böyük Zəfərə aparan yolun mühüm mərhələlərindən birinə çevrildi".
O xatırladıb ki, Füzuli 1993-cü il avqustun 23-də işğal edilib:
"Uzun illər ərzində şəhər və rayonun bir sıra yaşayış məntəqələri dağıntılara məruz qalıb, tarixi-mədəni irsə ciddi ziyan vurulub. Bununla belə, Füzulinin azad edilməsi arzusu Azərbaycan xalqının yaddaşında və milli iradəsində daim yaşayıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoymaq yolunda tarixi mərhələyə çevrildi.
Azərbaycan Ordusu döyüş meydanında ardıcıl uğurlar qazanaraq işğal altındakı əraziləri azad etməyə başladı. Sentyabrın 27-dən etibarən Füzuli istiqamətində də əməliyyatlar həyata keçirildi. Oktyabrın ilk günlərindən etibarən rayonun kəndlərinin bir-birinin ardınca azad edilməsi şəhərin geri qaytarılması üçün mühüm zəmin yaratdı.
Beləliklə, 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Bu hadisə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri olmaqla yanaşı, Azərbaycanın hərbi qüdrətinin, xalq-ordu birliyinin və qələbə əzminin təntənəsi idi. Şəhərin azad olunması ilə Füzulinin üzərində uzun illər davam edən işğal sona çatdı".
Arzuman Muradlı deyib ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd edilir. Onun sözlərinə görə, bu qərar tarixi Qələbənin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Süleyman












































