
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Bakı ilə Ankara arasında son günlər müşahidə olunan fikir ayrılıqları fonunda diqqət çəkən siyasi hadisələrdən biridir. Rəsmi məlumatda telefon danışığı zamanı ikitərəfli münasibətlərin, regional və qlobal məsələlərin müzakirə edildiyi, Ərdoğanın Azərbaycan-Türkiyə əməkdaşlığının qardaşlıq münasibətləri əsasında daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə etdiyi bildirilir. Türkiyə Prezidenti, həmçinin İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, belə bir təmasın mövcud vəziyyətin müzakirəsi və münasibətlərdə qarşılıqlı anlaşmanın qorunması baxımından siyasi əhəmiyyəti var:
"Azərbaycanla Türkiyə arasındakı münasibətlər uzun illər ərzində ortaq tarix, mədəniyyət, dil və milli maraqlar üzərində formalaşıb. İki ölkə enerji təhlükəsizliyi, nəqliyyat-logistika, müdafiə sənayesi, regional təhlükəsizlik və türk dünyasında inteqrasiya kimi mühüm istiqamətlərdə əməkdaşlıq edir. Şuşa Bəyannaməsi isə bu münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən əsas siyasi sənədlərdən biridir.
Lakin dövlətlər arasında münasibətlərin möhkəm olması fikir ayrılıqlarının heç vaxt meydana çıxmayacağı anlamına gəlmir. Əsas məsələ belə fikir ayrılıqlarının hansı üsullarla müzakirə edilməsi və onların strateji əməkdaşlığa təsirinin necə məhdudlaşdırılmasıdır".
Arzuman Muradlı qeyd edib ki, telefon danışığının ən mühüm tərəflərindən biri hər iki prezidentin Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafına dair müsbət fikirlər səsləndirməsidir:
"Rəsmi açıqlamaya əsasən, Ərdoğan əməkdaşlığın daha yüksək səviyyəyə çatacağına əminliyini bildirib, İlham Əliyev də öz növbəsində iki ölkə arasındakı qardaşlıq münasibətlərinin uğurla inkişaf edəcəyinə inamını ifadə edib".
Süleyman











































