
Son hadisələr fonunda Azərbaycan və Türkiyənin qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin əvvəlki səviyyəsində qorunub saxlanması üçün ən çox fədakarlıq göstərən qüvvələrin başında Milliyətçi Hərəkat Partiyasının(MHP) və onun sayğıdəyər başqanı Dövlət Bağçalının gəldiyini desək, zənnimizcə, yanılmarıq. Dövlət Bağçalının partiyanın İdarə Heyətinin son iclasından sonra yaydığı yazılı açıqlamasında yer alan fikirlər də, onun ötən gün Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovla səmimi görüşü də türk millətçilərinin Azərbaycana necə böyük önəm verdiklərini bir daha əyani təsdiqləyir. Başqa sözlə desək, MHP və şəxsən Dövlət Bağçalı bu imtahandan yaxşı çıxdı. Onlar Azərbaycana qarşı sevgi və sayğılarının səmimi və təmənnasız olduğunu əməldə sübut etdilər.
Türkiyə ilə Azərbaycan arasındakı bağların gündəlik siyasi hadisələrdən və müvəqqəti fikir ayrılıqlarından daha dərin olan ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və xalqlarımızın mənəvi birliyi üzərində qurulduğunu bildirən MHP lideri, bu iki qardaş ölkənin bir-birinə olan etimadının qorunmasının iki dövlət arasındakı həmrəyliyin davam etdirilməsi və Türk dünyasının ortaq gələcəyinin təmin olunması baxımından əvəzolunmaz olduğunu vurğulayıb. Bu baxımdan, MHP liderinin son açıqlaması həm Azərbaycan cəmiyyətində, həm də Türkiyədə maraqla qarşılanıb. Belə mövqelər iki ölkə arasında formalaşmış qardaşlıq münasibətlərinə yalnız mənəvi deyil, həm də siyasi baxımdan əlavə güc verir. Xüsusilə regionda baş verən proseslər fonunda Azərbaycan və Türkiyənin bir-birinə verdiyi dəstəyin önəmi daha aydın görünür.
Dövlət Bağçalının səfir Rəşad Aslanovla görüşü də bu mənada diqqət çəkən məqamlardan biridir. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin indiki yüksək səviyyəsinin qorunub saxlanmasının vacibliyi vurğulanıb, tərəflər arasında əlaqələrin bundan sonra da müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub. Bu isə bir daha göstərir ki, Ankara ilə Bakı arasında münasibətlər təkcə dövlət başçıları səviyyəsində deyil, ictimai-siyasi dairələrdə də dəstəklənir.
MHP-nin bu məsələdə sərgilədiyi mövqe Türk dünyası daxilində həmrəyliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq, əslində, daha geniş bir coğrafiyada sabitlik və əməkdaşlıq üçün mühüm model rolunu oynayır. Bu modelin qorunması isə hər iki tərəfin ortaq maraqlarına tam uyğundur.
Beləliklə, son hadisələr bir daha təsdiqləyir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı hər hansı gündəlik siyasi gərginliklərlə sarsıla bilməz. Əksinə, belə məqamlarda nümayiş etdirilən prinsipial və səmimi mövqe bu münasibətləri daha da gücləndirir. MHP liderinin hər zaman Azərbaycanın yanında olduqlarını vurğulaması ölkəmizi hədəfə alan siyasi islamçılara və qaragüruhçu yobazlara layiqli cavabdır. Dövlət Bağçalının Azərbaycana münasibətdə açıq siyasi həmrəylik nümayiş etdirməsini təqdir edirik.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































