
"Günümüzdə beynəlxalq miqyasda mövcud olan ən ciddi problemlərdən biri sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində qəbul edilmiş qərarlar və onların praktiki icrasında yaranan boşluqdur. Bunun ən bariz nümunəsi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrası istiqamətində işğal dövründə heç bir addımın atılmamasıdır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı BMT 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edərək işğal edilmiş ərazilər və hərbi əməliyyatlarla bağlı mühüm tələblər irəli sürürdü:
"Lakin bu qərarların uzun müddət icra olunmaması beynəlxalq hüququn tətbiqində siyasi iradənin və effektiv mexanizmlərin nə qədər vacib olduğunu göstərdi. Nəhayət, Azərbaycan təkbaşına həmin qətnamələri icra etmiş oldu. Bu baxımdan hesab edirəm ki, BMT-nin fəaliyyəti, onun qəbul etdiyi ayrı-ayrı qərarların icrasına nəzarəti gücləndirən, həmin qərarları icra etməməyə görə məsuliyyəti müəyyənləşdirən nəzarət mexanizmlərinin işləməsi vacibdir. Əks halda, cəzasızlıq, beynəlxalq hüquq normalarının işləməməsi yeni münaqişələr riskini artıracaq. Dünyada davamlı sülh üçün qətiyyətli qərarların qəbul edilməsi, onların obyektiv və effektiv şəkildə icra olunaraq təmin edilməsi başlıca şərtdir".
Süleyman











































