
25 oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycanın hərbi-siyasi və strateji zəfər salnaməsində müstəsna dönüş nöqtəsi təşkil edir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin düşmən işğalından azad olunması Şuşaya gedən zəfər yolunun cənub qapısını açmaqla yanaşı, Laçın dəhlizi üzərində əməliyyat-strateji nəzarəti təmin etmiş, Ermənistanın işğalçı kontingentinin təchizat xətlərini tam pozmuş oldu. Bu tarixi zəfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaratdığı yeni geosiyasi və hərbi gerçəkliyin mühüm təzahürüdür. Cənab İlham Əliyev qlobal liderlik keyfiyyəti, dəmir siyasi iradəsi, preventiv xarakterli hücum diplomatiyası və Ali Baş Komandanlıq qətiyyəti ilə yalnız 30 illik işğala son qoymamış, eyni zamanda Cənubi Qafqazda güc balansı və beynəlxalq hüququn aliliyini təkbaşına bərpa etmişdir. Qubadlı Şəhəri Gününün mənəvi dəyəri isə milli qürurun dirçəlişini, dövlət-xalq birliyinin sarsılmazlığını və tarixi ədalətin bərqərar olunmasını tərənnüm edir.
Qubadlının işğaldan azad edilməsindən sonra sürətlə icra edilən genişmiqyaslı bərpa və quruculuq işləri regional sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsini şərtləndirir. Təsdiq olunmuş baş plan əsasında müasir şəhərsalma konsepsiyalarının tətbiqi, bərpa olunan enerji mənbələrinə söykənən infrastrukturun qurulması və logistik nəqliyyat qovşaqlarının formalaşdırılması bölgəni tezliklə Şərqi Zəngəzur iqtisadi rayonunun aparıcı mərkəzlərindən birinə çevirəcəkdir. Bu proses həm regiona xarici və yerli investisiyaların cəlb edilməsi, həm də yeni istehsal sahələrinin yaratdığı məşğulluq imkanları vasitəsilə əhalinin yüksək rifahının təmin olunmasına möhkəm zəmin yaradır.
Böyük Qayıdış proqramı çərçivəsində Qubadlı sakinlərinin doğma yurdlarına təhlükəsiz və dayanıqlı qayıdışının təmin olunması üçün kompleks prioritetlər ön plana çəkilməlidir.
Bu xüsusda ərazinin minalardan tam təmizlənməsi, mülki təhlükəsizlik rejiminin təminatı prioritet strateji məsələdir. Eyni zamanda mənzil fondunun və sosial infrastrukturların ən müasir standartlara uyğun inşası, su, qaz, elektrik və rabitə şəbəkələrinin dayanıqlılığının təmini, eləcə də qayıdan əhalinin məşğulluğunu təmin edəcək iqtisadi ekosistemin qurulması əsas prioritet istiqamətlərdir.
Qubadlı rayonunun coğrafi relyefi, zəngin təbii resursları və transsərhəd mövqeyi nəzərə alınaraq, bölgənin gələcək iqtisadi profilində aqrar-sənaye sektoru, ekoloji kənd təsərrüfatı və heyvandarlıq aparıcı rol oynamalıdır. Həkəri və Bərgüşad çaylarının hidroloji potensialı intensiv suvarma əkinçiliyinin və "yaşıl enerji" istehsalının genişləndirilməsinə tam imkan verir. Bununla yanaşı, Şərqi Zəngəzur dəhlizi boyunca yerləşməsi rayonda logistika və nəqliyyat-tranzit infrastrukturlarının inkişafını, həmçinin unikal təbiət abidələrinə və zəngin relyefə söykənən eko-turizm və rekreasiya sahələrinin formalaşmasını son dərəcə məqsədəuyğun edir.
İşğal dövründə ekosid və kultrasid siyasəti nəticəsində Qubadlının tarixi-mədəni irsinə vurulan ciddi ziyanın aradan qaldırılması beynəlxalq və milli hüquq müstəvisində vacib işlər sırasındadır. Tarixi abidələrin, məscidlərin və mədəniyyət nümunələrinin orijinal arxitekturasına uyğun şəkildə bərpası və yenidən qurulması, həmin abidələrin daxil olduğu xəritələşdirmə proqramlarının hazırlanması vacibdir. Eyni zamanda Ermənistanın törətdiyi vandalizm aktlarının beynəlxalq təşkilatlar qarşısında hüquqi müstəvidə sənədləşdirilərək iddia qaldırılması və bu mədəni irsin rəqəmsallaşdırılaraq gələcək nəsillərə və beynəlxalq ictimaiyyətə çatdırılması hüquqi-mənəvi öhdəlikdir.
Qubadlı Şəhəri Günü həm də tarixi yaddaşın qorunması və zəfər ruhunun gənc nəsillərə aşılanması baxımından böyük ideoloji məzmuna malikdir. Rayon ərazisində Zəfər muzeylərinin, Memorial Komplekslərin və Şəhidlər xiyabanlarının salınması, Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi strateji vacib addımlardır. Təhsil müəssisələrində 25 oktyabr - Zəfər dərslərinin keçirilməsi, sənədli filmlərin, elmi-tədqiqat əsərlərinin ərsəyə gətirilməsi və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi üçün bu kimi tarixi günlərin dövlət səviyyəsində daimi elmi, siyasi və mədəni tədbirlərlə işıqlandırılması milli yaddaşın varisliyini tam təmin edəcəkdir.
Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı











































