
22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. 1875-ci il iyulun 22-də böyük maarifçi və ictimai xadim Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. Bu mühüm hadisə Azərbaycan mətbuat tarixinin başlanğıcı hesab olunur və milli jurnalistikamızın əsasının qoyulduğu gün kimi dəyərləndirilir.
“Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Həsən bəy Zərdabi Azərbaycan dilində mətbuatın yaradılması ilə xalqın ana dilində informasiya alma hüququnu təmin etmiş və milli şüurun formalaşmasına böyük töhfə vermişdir. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Təkcə “Əkinçi” qəzeti deyil, eyni zamanda milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə fəaliyyət göstərən digər kütləvi informasiya vasitələri də Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynamışlar. Belə ki, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnallar xalqın milli özünüdərk hissinin formalaşmasına böyük töhvə vermişlər.
Azərbaycan mətbuatı son 150 ildə böyük inkişaf yolu keçmişdir. Çar Rusiyası dövründən Sovetlər Birliyi illərinə, oradan isə müstəqillik dövrünə qədər mətbuat daim müxtəlif siyasi və ideoloji təsirlərə məruz qalsa da, jurnalistlər həmişə cəmiyyətin səsi olmağa çalışmışlar.
Xüsusilə 1990-cı illərdən sonra mətbuat azadlığı istiqamətində mühüm addımlar atılmış, çoxsaylı qəzet, jurnal və informasiya agentlikləri fəaliyyətə başlamışdır. Bu gün Azərbaycanda yüzlərlə media qurumu fəaliyyət göstərir və jurnalistlər cəmiyyətin problemlərini işıqlandırmaq, dövlətlə vətəndaş arasında körpü rolunu oynamaq üçün əhəmiyyətli işlər görürlər.
Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.
1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilib. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.
Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi” haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunmuşdur.
Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur
Bundan başqa, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlət başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir.
Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur.
Ölkə mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir.
Başqa istiqamətlərdə olduğu kimi media sahəsində də Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıq mövcuddur. Belə ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşmab Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir.
Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.
Jurnalistika sadəcə xəbər yaymaq deyil, həm də ictimai məsuliyyətdir. Jurnalist cəmiyyətin aynasıdır – obyektiv, dürüst və peşəkar yanaşma onun fəaliyyətinin əsasını təşkil etməlidir. Etibarlı və vicdanlı jurnalistika cəmiyyətin inkişafı və demokratik dəyərlərin möhkəmlənməsi üçün vacibdir.
Öz peşəsinə sadiq qalan, sözün gücünə inanan bütün jurnalistləri və azad, məsuliyyətli və vicdanlı mətbuatımızın bütün əməkdaşlarını 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirəm.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva