Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton görüşü Cənubi Qafqazın sülh və sabitlik vahəsinə çevrilməsi üçün həlledici rol oynaya bilər

Vaşinqton görüşü Cənubi Qafqazın sülh və sabitlik vahəsinə çevrilməsi üçün həlledici rol oynaya bilər


Bu gün Azərbaycan üçün tarixi gündür. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin qalıcı Sülhə çevrilməsi istiqamətində çox önəmli addımlar atılacaq. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdədir. Ağ Evdə bu gün baş tutacaq üçtərəfli görüşdən gözləntilər kifayət qədər yüksəkdir. Artıq bu görüşdə imzalanacaq və razılaşdırıla biləcək bir sıra məsələlərin anonsları da verilib. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüşdə mühüm sazişlər imzalanacaq.

Bu baxımdan səfər çərçivəsində imzalanacaq sənədlər onun tarixi əhəmiyyəti ilə bağlı mühüm mesajlar verir. Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacağı gözlənilir. Bu, yekun sülh sazişinin çərçivəsini müəyyən edəcək anlaşma sənədidir. Bu anlaşma əsasında, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlik missiyasından rəsmi olaraq imtina edilməsi də gözlənilir. Eyni zamanda, Azərbaycanın materik hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək strateji yolun - Zəngəzur dəhlizinin açılması məsələsi də bugünkü görüşdə öz həllini tapa bilər. Belə ki, ABŞ-ın özəl şirkətlərindən birinin təhlükəsizlik və nəzarət mexanizmlərini öz üzərinə götürməsi şərti ilə Zəngəzur dəhlizinin açılması bugünkü görüşün tarixi əhəmiyyətini daha da artırmış olar.

Dünya mətbuatının məlumatına görə, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRİPP) adlandırılması təklif edilən Zəngəzur dəhlizinin açılması bütün region ölkələri üçün və dünyanın böyük iqtisadi gücləri (ABŞ, Avropa İttifaqı, Çin) üçün faydalı olacaq. Eləcə də bu dəhliz Azərbaycan, Türkiyə və ümumilikdə bütün Türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Türk dünyasının parçalanmasına səbəb olmuş məkrli siyasətlərə son qoyulacaq.

Beləliklə, bu gün Vaşinqtonda gələcəkdə bağlanacaq böyük sülh sazişinin əsası qoyulacaq. İki dövlət arasında çərçivə sənədinin (Sülh Memorandumu və ya Birgə Bəyannamə) imzalanması Rusiyanın Cənubi Qafqazdakı hegemonluq iddialarına son qoyulmasına, İranın pozucu hərəkətlərinin qarşısının alınmasına və regionun iqtisadi cəhətdən sürətlə inkişafına səbəb olacaq. Rusiya və İran inteqrasiya və əməkdaşlıq yolunun - Zəngəzur dəhlizinin qarşısını kəsən ən böyük maneə idi. Onlar bu dəhlizə geosiyasi plan kimi baxdıqları üçün daim xoflanırdılar. Azərbaycan isə Zəngəzur dəhlizinə ilk növbədə geoiqtisadi layihə kimi baxır və bu dəhlizin hamı üçün faydalı olmasını istəyir. Təbii ki, bu cür qlobal layihələrdə hər kəs nəsə qazanmalıdır. Bu mənada, yolun açılmağı təkcə bizə və ermənilərə yox, İran və Rusiyanın özünə də faydalı olacaq. Yetər ki, Tehran və Moskva baxış bucağını dəyişsin və toksik yanaşmalardan əl çəksin.

Təbii ki ABŞ-ın da həm bölgədə, həm də konkret olaraq Zəngəzur dəhlizinin açılmasında öz maraqları var. Ancaq ABŞ-ın indiki məqamda sülhün qarantı rolunu öz üzərinə götürməsi bütün tərəflər üçün faydalıdır. Birləşmiş Ştatların istər iqtisadi, istərsə də hərbi gücü bölgədə marağı olan digər aktorların (ilk növbədə isə Rusiya və İranın) Zəngəzur dəhlizinə qarşı təxribatlarını və maneçiliklərini neytrallaşdıracaq. Bu kontekstdə Vaşinqtonda bu gün baş tutacaq görüş bütün bu məsələlərin həllinə və bölgədə yeni geosiyasi arxitekturanın formalaşmasına real töhfə verə bilər.
Əsas odur ki, indiki məqamda həm Azərbaycan, həm də Ermənistanın regional maraqları üst-üstə düşür. Donald Tramp bu gün “Truth Social” hesabında Birləşmiş Ştatların Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacağını bildirib və Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözlədiyini yazıb. ABŞ lideri, həmçinin bildirib ki, "böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün seçim etdiklərinə görə bu cəsarətli liderlərlə qürur duyuram. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”.

Bugünkü görüşün nəticələri həqiqətən də Cənubi Qafqazın sülh və sabitlik vahəsinə çevrilməsi üçün həlledici rol oynaya bilər. Prezident İlham Əliyev böyük strateq olduğunu artıq dəfələrlə təsdiqləyib. Bu mənada Cənab Prezidentin bu sözləri Vaşinqton görüşü ərəfəsində tam da yerinə düşür: "Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır. Biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq. Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qura bilmişik".

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş