Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsl islahat “kreslo virusu”nun təmizlənməsi ilə başlamalıdır

Əsl islahat “kreslo virusu”nun təmizlənməsi ilə başlamalıdır


Dövlət idarəçiliyinin ən böyük bəlası savadsız və qeyri-peşəkar məmurların kresloya sahiblənməsidir. Bu tip insanlar öz sahəsini dərindən bilmədiyi üçün idarəçilikdə səriştəsizlik göstərir, amma buna baxmayaraq, kresloya yapışaraq özünü “yeganə ağıllı” kimi təqdim etməyə çalışır. Əslində isə onların bütün “ağıllılığı” bacarıqlı insanların boğulması, ixtisaslı kadrların uzaqlaşdırılması və kollektivin inkişafının qarşısının alınması ilə məhdudlaşır. Bu gün bir çox dövlət müəssisəsinin iflic vəziyyətə düşməsinin səbəbi də məhz belə məmurların mövcudluğudur.
Qısqanclıqla yaşayan, özündən daha savadlı insanların varlığını təhlükə kimi görən bir rəhbər heç vaxt inkişafa imkan verməz. O, ilk növbədə ağıllıların “başını kəsər”, sonra isə ətrafına yalnız özündən zəif, bacarıqsız və qorxaq adamlar toplayar. Nəticədə bütün idarəetmə piramidası bacarıqsız insanların əlində cəmləşər, qurumun fəaliyyəti isə formal bir struktura çevrilər. Bu cür mühitdə yaradıcılıq, təşəbbüskarlıq və inkişafı hədəfləyən heç bir ideya yaşaya bilməz. Beləliklə, dövlətin resursları şəxsi ambisiyalara qurban verilir, əməkdaşların maraqları isə ayaq altına atılır.
“Kreslo virusu” adlandırdığımız bu mənəvi xəstəlik sistemli xarakter daşıyır. Bir dəfə kresloya sahib olan bacarıqsız məmur öz yerini qorumaq üçün ətrafına da eyni tipli, zəif, asılı vəziyyətdə olan adamdan seçir. Ətrafına topladığı savadsız və riyakarlar isə öz növbəsində özündən də gücsüz işçilərlə əhatələnməyə çalışır. Beləcə, hər pillədə bacarıqsızlıq hökm sürür, qurum tam gücsüz hala gətirilir. Bu, təkcə bir xidmət sahəsinin deyil, bütövlükdə dövlət idarəçiliyini sarsıdan təhlükəli bir zəncirdir.
Halbuki əsl rəhbər fərqli düşüncəli, savadlı və bacarıqlı insanlardan qorxmaz, əksinə, onların potensialını üzə çıxarmaq üçün şərait yaradar. Lider kresloya yox, işin nəticəsinə bağlı olar. Belə rəhbər kollektivdə sağlam rəqabət və əməkdaşlıq mühiti qurmaqla həm şəxsi nüfuzunu artırar, həm də dövlətin inkişafına töhfə verər.

Bu gün dövlət xidmətində əsas tələblərdən biri məhz belə “lider ruhlu rəhbərlər”in formalaşdırılmasıdır. Əks halda, kresloya pərçimlənmiş savadsız məmurlar həm dövlətin imicini, həm də xalqın etimadını məhv edəcəklər. Onların idarəçiliyi altında dövlət qurumları sadəcə ad daşıyan, amma içi boş, fəaliyyətsiz strukturlara çevriləcəkdir.
Əsl islahat məhz bu “kreslo virusu”nun təmizlənməsi ilə başlamalıdır. Bacarıqsız, qısqanc və idarəçilik qabiliyyətindən məhrum insanlar dövlət xidmətindən kənarlaşdırılmalı, sistemə bilikli, ədalətli və prinsipial kadrlar gətirilməlidir. Yalnız o zaman dövlət qurumları xalqa xidmət edə, inkişafın real dayağına çevrilə bilər.

Əli İbrahimov, hüquqşünas
Xəbəri paylaş