
“Cərəyan edən proseslər onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması uzaqda deyil və bu ilin sonuna qədər Bakı və İrəvan sülh müqaviləsi imzalaya bilər. Ötən gün ABŞ, Azərbaycan və Ermənistanın Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayması da bu əminliyi yaradır”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Birgə Bəyanat tərəflərin yekun sülhə doğru atmış olduğu daha bir inamlı addımdır:
“Ötən bir il ərzində tərəflər ortaya siyasi iradə qoyaraq münasibətlərin normallaşdırılması, iqtisadi əlaqələrin bərpası, kommunikasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və s. kimi istiqamətlərdə xeyli irəliləyiş əldə ediblər. Bütün bunlar yekun sülh sazişinin imzalanması üçün möhkəm baza formalaşdırılıb".
Arzuman Muradlı qeyd edib ki, avqustun 10-da ABŞ, Azərbaycan və Ermənistanın yaydığı birgə bəyanat Cənubi Qafqazda davamlı sülhün və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasının möhkəmləndirilməsi istiqamətində atılan daha bir mühüm addım kimi qiymətləndirilə bilər:
"Bəyanat Vaşinqtonda keçirilmiş Sülh Sammitinin birinci ildönümü fonunda tərəflərin əldə olunmuş razılaşmalara sadiqliyini bir daha nümayiş etdirir. Sənədin əhəmiyyəti ondan ibarətdir ki, burada yalnız siyasi dialoqun davam etdirilməsi deyil, həm də regionda sabitlik, əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı üçün yaradılan yeni imkanlar ön plana çıxarılır. Bu baxımdan, birgə bəyanat Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsi yolunda növbəti mərhələ hesab oluna bilər".
Süleyman











































