
Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli, müəyyən formatda çoxtərəfli əlaqələri vardır. Bu əlaqələr qarşılıqlı etimada, ehtirama və inama əsaslanır. Bunun nəticəsidir ki, Azərbaycan dünya miqyaslı ən mötəbər tədbirlərdə iştirak edir, bəzi tədbirlər Azərbaycanda təşkil olunur. Hər iki halda Azərbaycan ən səlahiyyətli söz sahibi kimi qarşılanır.
Azərbaycan Türk Dövlətləri Təşilatına daxil olan ölkələrlə də müntəzəm əlaqələr saxlayır, bu əlaqələrin ideoloji istiqaməti başlıca olaraq təhlükəsizlik amilidir.
Bakıda Türk Dövlətləri Təşkilatının növbəti tədbiri də Azərbaycanın islami dəyərləri yüksək səviyyədə yaşadan tolerant bir ölkə olduğunu təsdiqlədi. Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısında Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdiyini, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatının mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz potensialından maksimum istifadə etdiyini, Azərbaycanın həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkə olduğunu, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının beynəlxalq bazarlara tranzitini həyata keçirdiyini, Avropa ilə Asiyanın qovşağında yerləşən, həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyinin bütün ölkələrimiz üçün nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin maksimum fayda ilə həyata keçirilməsində böyük rol oynadığını, Azərbaycanın Qazaxıstanla, Özbəkistanla və Qırğızıstanla birgə investisiya fondu yaratdığını, ölkəmizin ikitərəfli gündəliyinin ilk növbədə Türk dünyası ölkələrinə yönəlməsinin bizim əsas xarici siyasət prioritetimiz olduğunu, mənəvi birliyin, mədəniyyətlərin və dillərin oxşarlığının, ümumi etnik köklərin təşkilatımızı möhkəmləndirdiyini xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir”.
Türk dövlətlərinin xarici siyasəti sülhə əsaslanır, Türk Dövlətləri Təşkilatının fəaliyyəti də sülhə əsaslanır. Sülh bu dövlətlər üçün də, bu təşkilat üçün də prioritetdir. Dünya miqyasında ən səmimi qarşılıqlı ehtirama əsaslanan əlaqə məhz bu dövlətlər arasındadır. Ölkələrimizin ərazilərində sabitliyin, sülhün və təhlükəsizliyin mövcudluğunu da bildirən dövlət başçımız dedi ki, “Ölkələrimiz, həmçinin inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır, xüsusilə də planetin müxtəlif yerlərində əks proseslərin getdiyini gördüyümüz bir vaxtda. Lakin TDT məkanında müsbət dinamikanı - həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında səmimi tövsiyə xarakterli fikirlərini də bildirdi. Bu fikirlər həm türk dövlətlərinin mənəvi dünyasının daha nurlu olmasına sevginin, həm də Türk Dövlətləri Təşkilatının dünyəvi fəaliyyətinin daha da genişləndirilməsi istəyinin xatırlatması kimi dinlənildi. Gənclər təşkilatının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməsini tövsiyə edən dövlət başçımız dedi: “Əminəm ki, hər biriniz öz ölkənizdəki vəziyyəti çox yaxşı bilirsiniz. Təbii ki, ölkələrimizdə vəziyyət eyni deyil. Lakin müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Həm metodlar, həm də məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır, deyərdim ki, primitivdir. Bir sözlə, bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır. Əlbəttə ki, onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndirilməsi ilə yanaşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik”...
Heç bir dövlət kənar qüvvələrin təhdidlərindən sığortalanmayıb. Hər dövlət öz təhlükəsizliyini tam ciddiyəti ilə təmin edir. Türk dövlətləri də. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı da belə tədbirlərdən oldu. Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında təəssüflə islam dininə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə getdiyini, islamofobiyanın onun kiçik bir tərkib hissəsi olduğunu da bildirmişdi. Dövlət başçımız çıxışında dinimizə yönəldilən və yaxud yönəldiləcək təhdidlərə qarşı birgə işin, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulmasını, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsini tövsiyə etdi...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü də, görüşdə çıxışı da Azərbaycanın da daxil olduğu Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənəcəyinə, dünyəvi mahiyyətinin daha da yüksələcəyinə inam kimi tarixlşdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı












































