
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin sentyabrın 17-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin beşinci toplantısının iştirakçılarını qəbul etmişdir. Dövlətimizin başçısının bu qəbul zamanı etdiyi konseptual və məzmunlu çıxış beynəlxalq münasibətlər sistemində regional bir təhlükəsizlik modelinin yaradılmasından xəbər verir. Bu yanaşma regional riskləri vaxtında neytrallaşdırmaq məqsədi daşıyır".
Newscenter.az xəbər verir ki, bunları YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib. Onun sözlərinə görə, ölkə Prezidenti cənab İlham Əliyev nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə regional coğrafi vəziyyəti geniş təhlil edərək bildirdi ki, hazırda ətraf bölgələrdə sonu görünməyən müharibələr gedir və münaqişə coğrafiyası durmadan genişlənir:
"Azərbaycanın həm şimal, həm də cənub qonşularının müharibə vəziyyətində olan ölkələr olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev belə bir həssas şəraitdə regional təhlükəsizlik məsələlərinin birinci dərəcəli əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu baxımdan, sabitlik mərkəzi funksiyasını yerinə yetirən və daxili sabitliyi qoruyan tərəfdaşlar ümumi ittifaqın təhlükəsizlik zəncirində mühüm halqaya çevrilir. Azərbaycan bu rolu ilə bütün təşkilatın perimetrini kənar dalğalardan sığortalayan ön xətt sipəri rolunu oynamış olur".
Hakim partiya rəsmisi qeyd edib ki, dövlətimizin başçısı çıxışında müasir dünyada təhlükəsizlik anlayışının yalnız fiziki sərhədlərin qorunması ilə məhdudlaşmadığını xüsusi qeyd etdi:
"Hazırda ən böyük cəbhə xəttinin virtual məkanda və cəmiyyətlərin daxili düşüncə sistemində qurulduğunu bildirən cənab İlham Əliyev kənar mərkəzlərdən maliyyələşən media alətləri və xüsusi şəbəkələr vasitəsilə daxili həmrəyliyi sarsıtmağa yönələn manipulyasiyalardan danışdı. Bu təxribatlara qarşı ideoloji müstəqilliyin qorunmasının hərbi güc qədər vacib amil olduğunu vurğulayan möhtərəm Prezidentimiz xüsusilə gənc nəslin yad təsirlərdən müdafiə olunması üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq və fəal gənclər siyasətinin aparılmasını, müntəzəm forum və konfransların keçirilməsini zəruri hesab etdi".
Süleyman












































