Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Saatlının tanınmış ziyalıları" kitabının təqdimat mərasimi keçirilib

"Saatlının tanınmış ziyalıları" kitabının təqdimat mərasimi keçirilib


Bu gün daha bir kitab təqdimatına Muğan torpağının beşiyi sayılan Saatlı rayonundakı "Hünter-villa" otelinin konfrans zalında yığıldıq. Bu bərəkətli torpağın yetirməsi olan şair-publisist Qənbər Əhmədlinin müəllifliyi və akademik Nizami Cəfərovun redaktorluğu ilə ərsəyə gələn kitab "Saatlının fəxri ziyalıları" adlanır. Adından da bəlli olduğu kimi, kitabda sözügedən rayonun sayılıb-seçilən Respublika səviyyəli tanınmış ziyalıları, elm və ictimai xadimləri, müxtəlif sahə üzrə yüksək nüfuz qazanmış adlı-sanlı şəxsləri yer alıb. Son dərəcə yüksək keyfiyyətli (milovonnu) çap kağızında rəngli və nəfis şəkildə işıq üzu görən kitabın təqdimat mərasiminə təkcə Saatlıdan deyil, paytaxt Bakıdan, eləcə də ətraf rayonlardan tanınmış şair və yazıçılar, elm xadimləri, ziyalılar, iş adamları yığılmışdı.

Tədbiri giriş sözü ilə açan Saatlı Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının direktoru, Əməkdar rəssam Sürəyya Muğanlı kitab və onun müəllifi haqqında qonaqlara geniş məlumat verdi və təqdim olunan "Saatlının fəxri ziyalıları" kitabının Qənbər Əhmədlinin sayca 22-ci kitabı olduğunu diqqətə çatdırdı. Sonra şair-publisist Qənbər Əhmədli tribunanı ələ aldı...

Çıxışçılardan Azərbaycan Yazıçılar Birliyinin "Aran" bölməsinin sədri, "Beynəlxalq Rəsul Rza Mükafatı" laureatı Sərvaz Hüseynoğlu, Saatlı rayon İcra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Mirəli Məmmədov, Bakı Dövlət Universitetinin müəllimi,elmlər doktoru Saleh Əliyev, ali təhsil müəssisəsinin müəllimi Rəhman müəllim, Saatlı rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, Sabirabadlı şair Fikrət bəy, "Atribut" qəzetinin və "atributinfo.az" saytının baş redaktoru, şair-jurnalist AYB və AJB üzvü Bəradər Səməndərli, Rayon ziyalısı Seyidağa Kazımov, Rayon ziyalısı, iş adamı, hüquqşünas Mircavan Kazımov, Rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fərhad Mürsəlov, şair-publisist Hacı Ədalət (Şair Arazlı) və başqaları kitabın tarixi və ictimai əhəmiyyətindən danışaraq onun gənc nəsil üçün tanıtım kompası rolunu oynayacağını əminliklə bildirmişlər.

Elmlər doktoru Saleh Əliyev isə çıxışında təklif etmişdir ki, növbəti kitab Saatlının ensiklopediyası olsun. Təklif birmənalı olaraq tədbir iştirakçıları tərəfindən dəstəklənmiş, yüksək səviyyədə qəbul olunmuşdur.

Tədbir Qənbər Əhmədlinin şeirlərinə həsr olunmuş musiqi və muğam prioramı ilə davam etmiş, sonda isə qonaqlar ziyafət süfrəsinə dəvət olunmuşdur.

Bəradər Səməndərli

"Atributinfo.az"
Xəbəri paylaş