
"Azərbaycan regionda tutduğu əlverişli mövqeyi, zəngin təbii resursları, eləcə də qarşılıqlı-faydalı əməkdaşlığa sadiqliyinə görə Avropanın etibarlı tərəfdaşına çevrilib. Artıq bu reallığı qoca qitədə qəbul edir, Azərbaycanın mövqeyi ilə razılaşırlar. Bütün bunlar ölkəmizə olan marağı da artırır".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərini şərh edərkən səsləndirib. İctimai Birlik sədri səfəri əhəmiyytli edən amillərdən biri də Qordana Silyanovska-Davkovanın səfərinin Azərbaycan-Şimali Makedoniya diplomatik əlaqələrinin 30 illiyinə təsadüf etməsidir:
"Bildiyiniz kimi 1995-ci ildən etibarən iki ölkə arasında diplomatik münasibətlər qurulub. Ötən 30 il ərzində Azərbaycan və Şimali Makedoniya arasında müxtəlif sahələrdə əməkdaşlıq qurulub. Düzdür, hazırkı əlaqələr mövcud potensial və imkanlara uyğun olmasa da, lakin ölkələrarası əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminlik var. Hər halda Bakıda keçirilən görüşlər və prezidentlərin verdikləri bəyanatlar belə əminlik yaradır".
Arzuman Muradlı deyib ki, əksər Avropa ölkələri kimi Şimali Makedoniya da Azərbaycan qazının alıcısıdır və bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığının göstəricisidir. Dövlət başçılarının birgə bəyanatında Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir".
Arzuman Muradlı deyib ki, Avropada Azərbaycan qazına maraq kifayət qədər böyükdür və bu maraq ölkəmiz üçün əlavə dividentlər gətirir.
Süleyman