Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarkovda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

 Xarkovda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub


Newscenter.az.24.12.2018. Xarkov şəhərində Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsolu Əfqan Salmanovun təşəbbüsü və maliyyə dəstəyi ilə “Ukrayna Azərbaycan ticarət-iqtisadi əlaqələrinin genişlənməsi, perspektivləri, Azərbaycan üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması” mövzusunda dəyirmi masa keçirilib.

Newscenter.az-a daxil olan məlumata görə, tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Rüfət Quliyev, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev, 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş və Ukrayna ilə sıx münasibətləri olan Elton Məmmədov, Azərbaycanın Ukraynadakı səfirliyinin yüksək ranqlı nümayəndələri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlılarının Kiyev şəhəri üzrə diaspor rəhbəri Oleq Krapidin, Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa, Sumsk vilayətinin rəhbəri, Xarkov vilayətinin vitse-qubernatoru, Universitet rektorları və prorektorlar, geniş ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər “Dəyirmi Masa”da çıxış edib, Ukrayna-Azərbaycan iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyindən, bu xalqların tarixi yaxınlığından ətraflı bəhs edib və gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsinin zərurəti və yollarını vurğulayıblar. Tədbirdən sonra iştirakçılar Xarkov Hüquq Universitetinin akt zalında keçirilən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli rəsmi hissə və konsertdə iştirak ediblər. Rəsmi hissədə çıxış edənlər bu bayramın yaranma tarixindən danışmış, bu sahədə Ümummilli lider Heydər Əliyevin cahanşümul xidmətlərini xüsusilə qeyd ediblər və bildiriblər ki, bu bayramın təsis olunması dünya azərbaycanlılarının bir-birinə daha da yaxınlaşdırıb və mehribanlaşdırıbdır. Çıxış edənlər həmçinin onu da nəzərə çatdırıblar ki, Xarkovda hər il ənənəvi olaraq belə və digər tədbirlər keçirilir və bu işdə Fəxri konsul Əfqan Salmanovun böyük xidmətləri var və ona öz təşəkkürlərini bildiriblər. Tədbirin sonunda möhtəşəm bayram konserti olub. Konsertdə Ukraynanın və Azərbaycanın tanınmış artistləri iştirak edib, Ukrayna və Azərbaycan mahnılarını ifa ediblər.
Yüksək səviyyədə keçirilən tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb
Xəbəri paylaş