
25–29 noyabr 2026-cı il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Türk Dünyası Arabulucular Birliği-nin təşkilatçılığı ilə Mediatorların 2-ci Qurultayı keçirilir.
Newscenter.az xəbər verir ki, Türk dünyası ölkələrinin mediasiya sahəsində fəaliyyət göstərən nümayəndələrini bir araya gətirən Şuranın 27 noyabr tarixində keçirilən açılış proqramında müxtəlif ölkələrin təmsilçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Mediasiya Şurasını, Şuranın Mediatorlar və mediasiya təşkilatları ilə iş departamentinin müdiri Kamil Lətifov təmsil edib. O, çıxışı zamanı Azərbaycanda mediasiya institutunun formalaşması və inkişafı, milli mediasiya təcrübəsi, mediasiya sahəsində mövcud qanunvericilik bazası, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib. O, həmçinin çıxışını növbəti panellərdə də davam etdirəcək.

Qeyd edək ki, Qurultay çərçivəsində 27–28 noyabr tarixlərində Türk dünyasında mediasiyanın bu günü və gələcəyi, mediasiyanın hüquqi və elmi əsasları, hüquqi güvən və dövlətlərin rolu, ölkələr üzrə tətbiq modelləri, eləcə də praktiki məsələlər və həll yolları mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub.
Şura Türk dünyası ölkələri arasında mediasiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli platforma rolunu oynayır.
Süleyman












































