
"Avropa ölkələrindən Azərbaycana yüksək səviyyəli səfərlərin intensivləşməsi təsadüfi diplomatik fəallıq deyil. Noyabrın 17–27-si arasında Almaniya, İtaliya, Litva və digər ölkələrin yüksək səviyyəli nümayəndələrinin Bakıya səfərləri, eləcə də Avropa İttifaqı ilə nəqliyyat və iqtisadi əməkdaşlıq istiqamətində aparılan danışıqlar Azərbaycanın Avropanın xarici siyasət və iqtisadi maraqlar sistemində əhəmiyyətinin artdığını göstərir".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, bu fəallığın arxasında enerji təhlükəsizliyi, Şərq–Qərb nəqliyyat bağlantıları, Cənubi Qafqazda dəyişən siyasi şərait və yeni investisiya imkanları kimi bir-biri ilə əlaqəli amillər dayanır:
"İlk növbədə, enerji amilini xüsusi qeyd etmək lazımdır. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin enerji mənbələrini və təchizat marşrutlarını şaxələndirmək siyasəti Azərbaycanın strateji əhəmiyyətini artırıb. Azərbaycan hazırda Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir. İtaliya ilə enerji əməkdaşlığı isə bu münasibətlərin əsas istiqamətlərindən biridir".
Politoloq qeyd edib ki, Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazı ətrafında yaranan risklər də Avropanın enerji təchizatında alternativ mənbələrin əhəmiyyətini artırır:
"İtaliyanın xarici işlər naziri Antonio Tayaninin noyabr səfəri zamanı enerji ilə yanaşı, bərpaolunan enerji, rəqəmsal texnologiyalar və kritik xammal sahələrində əməkdaşlığın müzakirəsi tərəfdaşlığın genişləndiyini göstərir.
İkinci mühüm istiqamət Azərbaycanın Şərq–Qərb nəqliyyat bağlantılarındakı mövqeyidir. Orta Dəhlizin inkişafı Avropa üçün yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Rusiya ərazisindən keçən ənənəvi marşrutlarla bağlı risklər, qlobal təchizat zəncirlərinin yenidən qurulması və Mərkəzi Asiyanın iqtisadi potensialına artan maraq Xəzər dənizi və Cənubi Qafqaz üzərindən keçən marşrutları aktuallaşdırır".
Yusif Bağırzadənin sözlərinə görə, Avropa Komissiyasının dünən Bakıda keçirdiyi yüksək səviyyəli nəqliyyat dialoqunda Bakı limanı, Naxçıvan dəmir yolu və TEN-T nəqliyyat şəbəkəsinin genişləndirilməsi məsələlərinin müzakirəsi bu marağın konkret layihələrə çevrildiyini göstərir:
"Daha bir amil Cənubi Qafqazda yaranan yeni siyasi reallıqlardır. Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyiş regionu Avropa üçün daha geniş iqtisadi və nəqliyyat əməkdaşlığı məkanına çevirə bilər. Avropa dövlətləri Azərbaycanın regiondakı siyasi çəkisini və Ermənistanla münasibətlərin normallaşdırılması prosesindəki rolunu nəzərə alırlar. Bu baxımdan, Bakı ilə münasibətlərin inkişafı həm regional sabitlik, həm də Avropanın Mərkəzi Asiyaya çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Ən nəhayət investisiya və iqtisadi əməkdaşlıq marağı. Avropa şirkətləri Azərbaycanı yalnız enerji ixracatçısı kimi deyil, həm də regional istehsal, logistika, rəqəmsal texnologiyalar və bərpaolunan enerji layihələri üçün potensial tərəfdaş kimi nəzərdən keçirirlər. Litva ilə noyabrın 25-də Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması, Almaniya və İtaliya ilə əlaqələrin genişləndirilməsi bu tendensiyanın göstəricisidir. Böyük Britaniya ilə strateji tərəfdaşlıq çərçivəsinin yenilənməsi də Azərbaycanın Avropa ölkələri ilə münasibətlərini müxtəlif istiqamətlərdə dərinləşdirmək siyasətinin tərkib hissəsidir.
Beləliklə, Avropadan Azərbaycana səfərlərin intensivləşməsi ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artmasının göstəricisidir deyə bilərik. Avropa Azərbaycanla münasibətlərini enerji əməkdaşlığından daha geniş, nəqliyyat, təhlükəsizlik, investisiya və regional bağlantıları əhatə edən tərəfdaşlıq modelinə keçirməkdə maraqlıdır".
Süleyman











































