Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi avantüristlərin, yoxsa strateji düşünənlərin dövlət idarəçiliyinə söykənməliyik?

Siyasi avantüristlərin, yoxsa strateji düşünənlərin dövlət idarəçiliyinə söykənməliyik?


"Azərbaycanın müasir tarixini ən çox maraqlandıran suallardan biri məhz bu məqamdır: dövlət idarəçiliyi emosional çağırışlar, siyasi avantüralar və populist vədlər üzərində qurulmalıdır, yoxsa uzunmüddətli milli maraqları, idarəçilik sistemini, baş verən hadisələri qabaqcadan təhlil edən və dövlətin taleyini, gələcəyini strateji planlaşdıran idarəetmə metoduna ehtiyacımız var?

Mənim yanaşmama görə, Azərbaycan kimi mürəkkəb geosiyasi məkanda yerləşən, müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu bir dövlətə siyasi avantüristlər deyil, strateji düşüncəli siyasi rəhbərlik lazımdır. Bəzilərinə elə gəlməsin ki, dövlət idarəçiliyi sadəcə hakimiyyət uğrunda mübarizədir. Dövlət idarəçiliyi milli təhlükəsizliyin, suverenliyin, iqtisadi müstəqilliyin, çevik diplomatik mövqelərin və gələcək nəsillərin taleyinin qorunması məsuliyyətidir. Bu dərin siyasi öhdəliyi avantüra ilə məşğul olanlar dərk edə bilməz".

Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, bu günə qədər müasir tariximizdə müxalifət kimi özünü təqdim edənlər 1993-cü ildən bu yana milli siyasi birlik yarada, indiki hakimiyyətlə rəqabət apara biləcək alternativ dövlətçilik modeli ortaya qoya bilmədilər:

"Aralarındakı intriqalar və çəkişmələr onları məhv etdi. Geosiyasi proseslərə təsir göstərmək, özlərini qlobal maraqlar sisteminə daxil etmək əvəzinə, siyasətdə bir-birilərini ifşa etməklə kifayətləndilər. Bitmiş siyasi hadisələri cəmiyyətə təqdim edə bilməyənlər özlərini siyasi sima kimi tarixin yaddaşına yazdırmağı bacarmadılar. Çünki siyasi rəqabət institusional səviyyədə deyilsə, orada rəqabətdən söhbət belə gedə bilməz. Ümumiyyətlə, yaşamağa motivasiyanı, gələcəyə dai perspektiv vədlərini konseptual baxımdan heç kim verə bilmədi. Bu simalarla mübarizə aparmaq çox asandır. Amma təhlükə nədədir? Ədalətsiz, avantürist və riyakar mübarizə üsullarından istifadə etdiklərinə görə onları yalnız mücərrəd simalar kimi görməlisən ki, onların qaranlıq və kənardan sifarişli torlarına düşməyəsən. Yəni mən bunlarda sağlam rəqabət görmədim. Sağlam olduqları bir yana, əgər xəstə rəqabət aparırsansa, onun da milli maraqlara xidmət etməsi nəzərə alınmalıdır".

Mərkəz rəhbəri qeyd edib ki, İlham Əliyev strateji dövlətçilik modeli ilə suveren, qüdrətli, azad, bütöv bir Azərbaycan qurdu və tarixdə Zəfər ölkəsi kimi yaddaşlarda iz buraxdı:

"Biz çox çətin bir zamanda, çox mürəkkəb bir siyasi düzənin ortasında yaşayırıq. Amma gələcək perspektivlərinə bağlı ümidlərimiz heç vaxt sönmədi. Çünki biz qalib olduq. Çünki biz yüz illərdir bizə qarşı aparılan düşmənçilik siyasətini və onların arxasında duran qüvvələri darmadağın etdik. Çünki biz məğrur ölkə statusu qazandıq. Çünki biz siyasi quruluşumuzu ən yüksək səviyyədə təqdim etdik. Ona görə bizə siyasi avantüristlər yox, strateji düşüncəyə malik lider lazımdır və biz artıq neçə illərdir o liderlə tarixi uğurlarımızı yazırıq. Hamı bilsin ki, dövlət təsadüflərlə deyil, strategiya ilə qurulur.

Ramil Hüseynov hesab edir ki, hakimiyyət iddiası ilə dövlət məsuliyyəti arasında böyük fərq var:

"O məsuliyyəti dərk etməyənlər bu paralelliyi qarışdırırlar. Qarışdırmayın! O qədər qarışdırdınız ki, özünüz özünüzü həmin qarışıqlıqda məhv etdiniz. Bu, heç də bizim üçün xoş deyil. Amma siz öz ambisiyalarınızın qurbanı oldunuz. Biz buna nə edək? Son olaraq, müxalifət olmaq hakimiyyətə qarşı olmaq deyil, hakimiyyətə alternativ ola biləcək düşüncə ortaya qoymaqdır. Onu da bu nəsil bacarmadı və bundan sonra da bacarmayacaq. Özləri özlərini bitirdilər. Amma Azərbaycan etibarlı əllərdədir və gələcək nəsillər bu etibarı, bu etimadı qoruyub saxlayacaqlar. Vətənpərvərlik ruhunda yetişən yeni gənclik bu Zəfəri kiməsə yedirtməz. Kimsə bu dövlətin qüruruna əl uzada bilməz".

Süleyman
Xəbəri paylaş