
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycana gələn Rusiya vətəndaşlarına çağırış edib.
Bu barədə Newscenter.azDMX-dən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 561 nömrəli Qərarına əsasən, 2025-ci il 1 yanvar tarixindən etibarən viza tələb olunmadan Azərbaycana gələn Rusiya vətəndaşlarının, habelə Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
DMX bir daha diqqətə çatdırır ki, qeyd olunan tələb yetkinlik yaşına çatmayan şəxslər də daxil olmaqla, müvafiq kateqoriyadan olan bütün şəxslərə şamil edilir.
Bununla əlaqədar, yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri onların Azərbaycanda müvəqqəti olma müddətlərinə riayət edilməsini təmin etməli, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda, həmin müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün müəyyən edilmiş qaydada müraciət etməlidirlər.
Eyni zamanda, müvəqqəti olma müddəti artıq başa çatmış, lakin ölkəni tərk etməmiş yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri mövcud vəziyyətin qanunvericiliyə uyğun həlli və ölkədən çıxış zamanı dövlət sərhədindən maneəsiz keçidin təmin edilməsi məqsədilə DMX-ə müraciət etməyə dəvət edilirlər.
Bildiririk ki, DMX-nin rəsmi internet səhifəsində yerləşdirilmiş "Müvəqqəti olma müddətini yoxla" elektron kalkulyatoru vasitəsilə ölkəyə giriş-çıxış tarixləri əsasında cari təqvim ili ərzində istifadə edilməmiş müvəqqəti olma müddətini yoxlamaq mümkündür.
Xatırladırıq ki, Azərbaycanda müvəqqəti olma müddəti bitənədək həmin müddət uzadılmadıqda və ya müvəqqəti yaşama icazəsi alınmadıqda, ölkədə qalmaq üçün digər qanuni əsaslar olmadığı təqdirdə Azərbaycanın ərazisi tərk edilməlidir.
Cavid İmaməliyev













































