
Son günlər Azərbaycan-Avropa diplomatik xəttində hərəkətlilik, dinamika müşahidə edilməkdədir. İtaliya, Monteneqro, Litva və Gürcüstan rəsmilərinin Azərbaycana baş tutan səfərlərinə təkcə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi kontekstindən yanaşmaq doğru olmazdı. Bu səfərlər həm də geniş mənada regional əməkdaşlığa hədəflənmiş səfərlərdir.
Bakının həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu bu gün Azərbaycanı nəinki Cənubi Qafqazın əsas maraq kəsb edən ölkəsinə çevirib, eyni zamanda onu qlobal və regional əhəmiyyətli məsələlərin müzakirə edildiyi diplomatik məkan kimi tanıdıb.
Bildiyimiz kimi, Azərbaycan müxtəlif geosiyasi istiqamətləri, siyasi maraqları və regional prioritetləri təmsil edən dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq edir, fəal dialoq aparır. Bakının həm təşəbbüskarlığı, həm mövcud imkanları, həm də əlverişli coğrafi mövqeyi onu təkcə Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının siyasi, iqtisadi, enerji və nəqliyyat məsələlərinin müzakirə olunduğu diplomatik platformalardan biri kimi rolunu daha da artırır, onu ön plana çıxarır. Qeyd etdiyimiz səfərlərin siyasi və diplomatik əhəmiyyəti də məhz bundan ibarətdir.
Litva ilə münasibətlərə Azərbaycanın Avropa İttifaqı ilə siyasi dialoqunun genişləndirilməsi prizmasından baxdığımız halda, İtaliya ilə münasibətlərə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mövqeyi, bu mövqenin gücləndirilməsi və iqtisadi tərəfdaşlığın genişləndirilməsindən yanaşmaq lazımdır.
Məlum olduğu kimi Litvanın xarici işlər naziri Kestutis Budrisin Bakı səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Təsadüfi deyil ki, Bakıda keçirilən görüşlərdə enerji, ticarət, nəqliyyat və bağlantıları ilə yanaşı, həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri də müzakirə olunub. Litvanın 2027-ci ildə Avropa İttifaqı Şurasına sədrliyini nəzərə alsaq, o zaman həm bu səfərin, həm də imzalanan Bəyannamənin mühüm əhəmiyyət kəsb etdiyini deyə bilərik.
İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin səfəri zamanı isə enerji, sənaye, rəqəmsal texnologiyalar, bərpaolunan enerji və infrastruktur layihələri ətrafında əməkdaşlığın perspekrivləri diqqət mərkəzində olub. Hər iki istiqamət Azərbaycanın Avropa ilə münasibətlərinin yalnız enerji ixracına əsaslanmadığını, siyasi dialoq, investisiya, texnologiya və nəqliyyat sahələrini də əhatə etdiyini göstərir.
Monteneqronun Baş naziri Miloyko Spayiç, Gürcüstanın Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin Bakı səfəri də hər iki ölkə ilə Cənubi Qafqazdakı regional əməkdaşlıq imkanları baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan-Gürcüstan münasibətlərinin əsas ana xəttini regionda sülhün və sabitliyin təmin olunmasında ortaq maraqlarla yanaşı, enerji resurslarının beynəlxalq bazarlara nəqli, Şərq-Qərb nəqliyyat və logistika dəhlizlərinin inkişafı, Orta Dəhlizin səmərəliliyinin artırılması, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi təşkil edir.
Bu səfərlər, müzakirə edilən mövzular və əldə olunan razılaşmalar onu deməyə əsas verir ki, Azərbaycanın getdikcə həm regional, həm də qlobal aspektdə diplomatik əhəmiyyəti artır. Bakının diplomatik əhəmiyyətinin artması isə öz növbəsində ölkəmizin regional və beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirir, onu beynəlxalq diplomatiyanın mərkəzinə çevirir.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı












































