
Noyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Milli Məclisin sədri bu səfərin Azərbaycan və Slovakiya prokurorluq orqanları arasında, ümumilikdə isə ölkələrimizin əlaqələrinin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
2021-ci ildə Slovakiyaya rəsmi səfərini xatırlayan spiker Sahibə Qafarova bunun Azərbaycan Milli Məclisi sədrinin Slovakiyaya ilk səfəri olduğunu qeyd edib.
Spiker iki ölkə arasında əlaqələrin qurulmasından keçən illər ərzində münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bunun üçün əsaslı zəmin yaratdığını diqqətə çatdırıb.
İkitərəfli əlaqələrin güclənməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolundan danışan spiker Sahibə Qafarova, Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya rəsmi səfərinin Azərbaycan Prezidentinin Slovakiyaya ilk səfəri kimi tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin bildirilib ki, Slovakiya Prezidenti Peter Pelleqrininin cari ilin iyul ayında ölkəmizə rəsmi səfəri əlaqələrimizin möhkəmlənməsinə yeni impuls verib.
Söhbət zamanı diqqətə çatdırılıb ki, iki ölkənin parlamentləri arasında da aktiv və məhsuldar əməkdaşlıq mövcuddur. Mütəmadi olaraq parlament sədrləri və nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilir. Cari ilin may ayında imzalanmış Anlaşma Memorandumu parlamentlərarası əlaqələrimizi yeni səviyyəyə qaldırıb.
Görüşdə ölkələrimiz arasında müqavilə-hüquq bazasının daha da genişləndirilməsi, iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafı, həmçinin birbaşa aviareyslərin fəaliyyətə başlaması mühüm addımlar kimi dəyərləndirilib. Bildirilib ki, Slovakiyanın Qarabağın bərpasında iştirakı, “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi və Ağdamın Baş Qərvənd kəndində Milan Rastislav Ştefanik adına məktəbin bünövrəsinin qoyulması ölkəmizdə yüksək qiymətləndirilir.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Slovakiyanın Baş prokuroru Maroş Jilinka ölkəmizə səfəri barədə təəssüratlarını bölüşüb.
İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından söz açan qonaq Azərbaycan Baş prokurorluğu ilə əməkdaşlığın perspektivlərindən danışıb. O qeyd edib ki, bu gün iki ölkənin Baş prokurorluqları arasında imzalanmış əməkdaşlıq proqramı iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin dinamikasını daha da artıracaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Süleyman











































