
QHT sədri İlqar Hüseynlinin sifariş əsasında mediaya verdiyi müsahibədə Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev haqqında səsləndirdiyi fikirlərdə obyektivlikdən daha çox şəxsi münasibət və qərəz hiss olunur.
Xatırladım ki, İlqar Hüseynli 2020-ci ildə 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədlərdən biri olub. Aradan illər keçməsinə baxmayaraq, onun Razi Nurullayevə qarşı vaxtaşırı sərt və birtərəfli mövqe sərgiləməsi təəssüf doğurur. Bu münasibətin arxasında sadəcə keçmiş seçki rəqabətindən qaynaqlanan şəxsi narazılıq deyil, həm də sifarişli mövqe dayanması barədə ciddi təəssürat yaranır.
Halbuki Razi Nurullayev deputat kimi fəaliyyətində seçicilərin problemlərinə daim diqqətlə yanaşıb. Vətəndaşların işlə təminat, sosial müdafiə, pensiya, əlillik, səhiyyə, təhsil, qaz, su və elektrik təchizatı ilə bağlı müraciətlərinin həlli üçün aidiyyəti qurumlarla mütəmadi əlaqə saxlayıb.
Xüsusilə əvvəlki çağırışda parlament tribunasından kəndlərin qazlaşdırılması məsələsini dəfələrlə qaldırıb. Doğulduğu Xəlfəli kəndinin, eləcə də Kürdmahmudlu və Hacalmuradlı kəndlərinin qazlaşdırılması məsələsini aidiyyəti qurumların qarşısında dəfələrlə qaldırıb, şəxsi əlaqələrindən də istifadə edərək problemin həllinə nail olub. Onun bu istiqamətdə qaldırdığı məsələlərdən sonra respublikanın bir sıra digər ərazilərində də qazlaşdırma problemlərinin həllinə diqqət artırılıb. Bunu heç bir İmişli sakini unutmamalıdır. İmişli sakinləri Razi Nurullayevin bu fəaliyyətini yaxşı xatırlayırlar.
Razi Nurullayev Aqrar siyasət komitəsinin sədr müavini kimi kənd təsərrüfatının inkişafı, regionlarda sahibkarlığın dəstəklənməsi, güzəştli kredit imkanlarının genişləndirilməsi, kənd ailələrinin və gənclərin problemlərinin həlli ilə bağlı da təkliflər səsləndirib. Onun fəaliyyəti yalnız ayrı-ayrı müraciətlərin həlli ilə məhdudlaşmır, bütövlükdə regionların inkişafına yönəlir.
İlqar Hüseynlinin öz keçmiş fəaliyyətinə də eyni obyektivliklə yanaşması vacibdir. Onun İmişlidə aptek və əczaçılıq fəaliyyəti ilə məşğul olduğu məlumdur. Həmin dövrdə qadağan olunmuş psixotrop dərman preparatlarının satışı və sakinlərin zəhərlənməsi ilə bağlı İmişlidə müxtəlif iddiaların və narahatlıqların səsləndirildiyi bildirilir. Bu məsələlərin nə dərəcədə əsaslı olduğunu aidiyyəti hüquq-mühafizə orqanlarının araşdırması və aydınlıq gətirməsi məqsədəuyğun olardı.
Mən sübuta yetirilməmiş hər hansı ittiham irəli sürmək niyyətində deyiləm. Lakin həmin dövrdə bu məsələlərin bir neçə dəfə gündəmə gətirildiyi də unudulmamalıdır. Başqalarının fəaliyyətinə bu qədər sərt münasibət göstərən şəxs öz keçmiş fəaliyyəti ilə bağlı suallara da açıq olmalıdır.
İlqar Hüseynli də anlamalıdır ki, sifarişli yanaşma ilə qanunverici orqanda təmsil olunan deputata qarşı əsassız ittihamlar səsləndirmək heç bir nəticə verməyəcək. Tənqid hər kəsin hüququdur, ancaq tənqid faktlara, obyektivliyə və sağlam mövqeyə əsaslanmalıdır. Şəxsi narazılığın siyasi qiymətləndirmə adı altında təqdim edilməsi ictimaiyyətə inandırıcı görünmür.
İmişli sakinləri kimin nə danışdığını deyil, kimin onların problemlərinin həlli üçün nə etdiyini daha yaxşı bilirlər.
Məhəmməd Əsədullazadə











































