Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə Qərbin kürd layihəsi iflasa uğrayır

Yaxın Şərqdə Qərbin kürd layihəsi iflasa uğrayır



Yaxın Şərqdə uzun illərdir Qərbin dəstəklədiyi kürd layihəsinin əvvəlki siyasi əhəmiyyətini itirdiyini müşahidə edirik. Türkiyənin PKK terror təşkilatının tərksilah edilməsi istiqamətində həyata keçirdiyi siyasət və növbəti mərhələdə Suriyada YPG-PYD strukturunun ləğvi məsələsinin gündəmə gəlməsi regionda yeni geosiyasi reallıqların formalaşdığını göstərir.
Uzun müddət ABŞ Suriyanın şimal-şərqində kürd muxtariyyətinin yaradılmasını və bu ərazidə özünə bağlı siyasi-hərbi strukturun formalaşdırılmasını dəstəkləyirdi. Lakin Türkiyənin regionda artan siyasi və hərbi təsiri, eləcə də Vaşinqtonun Yaxın Şərq strategiyasında baş verən dəyişikliklər bu siyasətin əvvəlki formada davam etdirilməsini çətinləşdirib. ABŞ-ın Suriyanın ərazi bütövlüyünü və suverenliyini vurğulaması, həmçinin Suriya rəhbərliyi ilə münasibətlərdə yeni mərhələyə keçilməsi Vaşinqtonun əvvəlki yanaşmasına yenidən baxdığını göstərir.
Oxşar prosesləri İraqda da müşahidə etmək mümkündür. Uzun illər geniş daxili siyasi və iqtisadi müstəqilliyə malik olmuş İraq Kürdüstan Regional Administrasiyasının səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində də müəyyən siyasi proseslər gedir. İraq hökumətinin mərkəzi hakimiyyətin nəzarətini gücləndirmək cəhdləri, xüsusilə sərhəd-keçid məntəqələri, neft yataqları və strateji ərazilər üzərində federal hökumətin səlahiyyətlərinin genişləndirilməsi bu baxımdan diqqət çəkir.
ABŞ-ın İraqın suverenliyinə və mərkəzi hakimiyyətin gücləndirilməsinə verdiyi dəstək də bu prosesin mühüm elementlərindəndir. Vaşinqtonun Bağdadla münasibətlərdə dövlət institutlarının və ərazi bütövlüyünün önə çəkilməsi əvvəlki regional siyasətdən müəyyən fərqlənmələri ortaya qoyur.
Beləliklə, ABŞ-ın uzun müddət regional siyasətində mühüm tərəfdaş kimi çıxış edən kürd silahlı və siyasi strukturlarına münasibətində dəyişiklik müşahidə olunur. Bu, xüsusilə Suriya və İraqda mərkəzi hakimiyyətlərin mövqelərinin gücləndirilməsi fonunda özünü göstərir.
Hesab edirəm ki, ABŞ artıq kürd faktorundan əvvəlki miqyasda istifadə etmək strategiyasını yenidən nəzərdən keçirir. Vaşinqton regionda dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasına üstünlük verir. Bu yanaşma həm Suriya, həm də İraq üçün yeni siyasi reallıqlar yaradır.
Türkiyənin regional siyasəti, Suriyada mərkəzi hakimiyyətin mövqelərinin güclənməsi və İraqda federal hökumətin nəzarəti bərpa etmək cəhdləri Qərbin uzun müddət dəstəklədiyi kürd layihəsinin perspektivlərini ciddi şəkildə dəyişdirir. Bu proseslər Türkiyə, Suriya və İraq ərazilərində vahid və ya müstəqil kürd siyasi qurumu yaratmaq ideyasının əvvəlki geosiyasi imkanlarını itirdiyini göstərir.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Xəbəri paylaş