Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“KOB Dostu” Quba və Qusarda fəaliyyətə başlayıb

“KOB Dostu” Quba və Qusarda fəaliyyətə başlayıb


Newscenter.az.28.12.2018. Dekabrın 28-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Quba və Qusarda “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.

Newscenter.az xəbər verir ki, Qubada “KOB Dostu”nun fəaliyyətə başlaması ilə bağlı keçirilmiş tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olduğunu vurğulayıb, Agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, “KOB Dostu” sahibkarlara yeni kiçik və orta biznes sahələrinin yaranmasında, mövcud biznes fəaliyyətinin genişləndirilməsində xidmətlər, müxtəlif istiqamətlər üzrə dəstək göstərəcəkdir. Hazırda Masallı, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyət göstərir. Natiq Həsənov Quba-Xaçmaz iqtisadi rayonunda və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edib.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Xudaverdiyev rayonda özəl bölmənin inkişafı istiqamətində görülən işlərdən danışıb, “KOB Dostu”nun rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verəcəyini vurğulayıb.

Həmçinin, tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Sonra iştirakçılar “KOB Dostu”nun ofisi ilə tanış olublar. Texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, maarifləndirici materiallarla təmin olunmuş ofisdə sahibkarlara xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

“KOB Dostu”nun fəaliyyətə başlaması ilə əlaqədar Qusar Gənclər Evində də tədbir keçirilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov “KOB Dostu”nun sahibkarlara göstərəcəyi xidmətlər və dəstək tədbirləri barədə məlumat verib, yeni mexanizmin sahibkarların işini daha da asanlaşdıracağını qeyd edib, sahibkarların hüquqlarının müdafiəsində əhəmiyyətli olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, ümumilikdə, ölkənin 10 iqtisadi rayonu üzrə 60 “KOB Dostu”nun yaradılması və ilkin olaraq Bakıda “KOB Evi”nin təşkili işləri davam etdirilir.

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova sahibkarlığın inkişafı istiqamətində rayonda həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə rayonda fəaliyyətə başlayan “KOB Dostu”nun önəmini vurğulayıb.

Tədbirlərdə çıxış edən sahibkarlar özəl bölmənin inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.
Xəbəri paylaş