Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Heyvandarlıq Assosiasiyasının (AHA) üzvləri ilə görüş keçirilib



Newscenter.az.13.03.2019. Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Heyvandarlıq Assosiasiyasının (AHA) üzvləri ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavinləri İlhamə Qədimova və Seyfəddin Talıbov, nazirlik təmsilçiləri, Azərbaycan Heyvandarlıq Assosiasiyasının üzvləri və Türkiyə Güneydolu Anadolu Heyvandarlıq Assosiasiyasının sədri Haydar Demirazer iştirak ediblər.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramı hazırlanıb. Nazir müavini qeyd edib ki, ölkədə heyvandarlığın inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib: “Azərbaycan Heyvandarlıq Assosiasiyasının yaradılması önəmli hadisədir. Heyvandarlıqla məşğul olan fermərlərə dövlət dəstəyi göstərilir və bu dəstək davamlı olacaq. Azərbaycan Heyvandarlıq Assosiasiyası da öz tərəfindən heyvandarlığın inkişafı üçün davamlı işlər görməlidir. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi və Assosiasiyaarasında mütəmadi görüşlər keçiriləcək”.
Türkiyə Güneydolu Anadolu Heyvandarlıq Assosiasiyasının sədri Haydar Demirazer görüşdə“Dünyada heyvandarlıq nailiyyətlər” mövzusunda təqdimatla çıxış edib. O, heyvandarlığın inkişafında dünya və Türkiyə təcrübəsi barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir çəçivəsində Azərbaycan Heyvandarlıq Assosiasiyasının sayt və loqosunun təqdimatı olub. Görüş iştirakçılarına assosiasiyanın məqsədi, fəaliyyət istiqamətləri, saytı və loqosu barədə ətraflı məlumat verilib. Bildirilib ki, fermerlər elektron qaydada saytda qeydiyyatdan keçərək Assosiasiyaya üzv ola bilərlər.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, martın 5-də Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramı layihəsinin ictimai müzakirəsi keçirilib. Nazir müavini əlavə edib ki, ictimai müzakirədə fermerlər tərəfindən səsləndirilən təkliflər Dövlət Proqramında nəzərə alınıb. Seyfəddin Talıbov qeyd edib ki, Assosiasiyanın fəaliyyəti də ölkədə heyvandarlığın inkişafında mühüm töhfələr verəcək:“Azərbaycan Heyvandarlıq Assosiasiyasının yaradılması ilkin mənbədən məlumat və təkliflər almağa kömək edəcək. Assosiasiya da fermerlər üçün daha faydalı məlumatların paylaşılması və bu sahədə çalışanların maarifləndirilməsi işinə öz dəstəyini verməlidir”.

Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, Azərbaycan Heyvandarlıq Assosiasiyasının İdarə Heyətində regionlar üzrə təmsilçilik məsələsi nəzərə alınıb. Şöbə müdiri vurğulayıb ki, gələcəkdə aqrar sahədə fəaliyyət göstərən assosiasiyaların sabit inkişaf planı hazırlanacaq: “Eyni zamanda assosiasiyalar arasında Anlaşma Memorandumunun da imzalanması nəzərdə tutulur”.

Müzakirələr zamanı ölkədə heyvandarlığın və örüş-otlaq ərazilərinin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, heyvandarlığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub.
Xəbəri paylaş