Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşın qarşısına çıxacaq yeni format

Vətəndaşın qarşısına çıxacaq yeni format


Newscenter.az.13.03.2019. Azərbaycan hakimiyyəti vətəndaşların qəbul prosesində daha bir yeniliyə imza atır. Belə ki, bundan sonra Prezident Administrasiyasının məsul işçiləri respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulunu keçirəcək. Bu ayın 14 və 15 tarixlərində ümumilikdə 22 rayonda belə qəbulların təşkili ilə prosesə start veriləcək.

İnsanlarla birbaşa işləyəcək bu format forma etibarilə nazir qəbulları formatına yaxın olsa da, məzmunca fərqliliklər istisna deyil. Burada müəyyən mənada bölgə insanının qayğılarını ölkənin birinci şəxsinə, yaxud adminstrasiya rəhbərliyinə dərhal məruzə proseduru formalaşır.

Ümumiyyətlə isə, qəbullara əlavə dövlət vəzifəlilərinin qoşulması o deməkdir ki, hökumət üzvlərinin keçirdikləri görüşlər kifayət etmir və vətəndaşla yaxın olmaq, obyektiv araşdırmalar, təhlillər aparmaq, dəqiq məruzələr, çıxış yolları hazırlamaq, beləliklə, məsuliyyət hissini daha da gücləndirmək tələbi artır.
Məsələyə belə qəbullar vətəndaşa nə verəcək-prizmasından yanaşsaq, ilk olaraq o vurğulanmalıdır ki, qaldırılan problemlər daha çevik formada öz həllini tapacaq. Vətəndaş öz dərdini prezident İlham Əliyevin tapşırığı ilə bölgəyə gələn ən mötəbər qurumun əməkdaşlarına çatdıra biləcək. Arada hər hansı bir sədd olmayacaq. Qaldırılan məsələlər yerində həllini tapacaq, maliyyə tutumlu və ya müzakirəsi vacib olan məsələlər (məsələn, məktəb, xəstəxana tikintisi, yol çəkilişi və s.) dərhal ölkənin birinci şəxsinə məruzə ediləcək.

İkincisi, hansısa məmurun qəbulunda problemini həll edə bilməyən vətəndaşın növbəti instansiya kimi Prezident Administrasiyasına üz tutmasına, bunun üçün paytaxt Bakıya gəlməsinə ehtiyac qalmayacaq. Və ya məktub yazaraq, ona cavab gözləməli olmayacaq.

Üçüncüsü, bir sıra hallarda bəzi vətəndaşların göndərdikləri məktubların ünvanına çatmaması kimi iddiaları ortaya qoyulurdu. Bunun əksi bildirildikdə isə müəyyən anlaşılmazlıq yaranırdı. Artıq bu qəbildən olan söz-söhbətlər də azalacaq.

Qeyd edək ki, vətəndaşların bölgələrdə qəbulu prosesi, illərdir prezident İlham Əliyevin göstərişi ilə hökumət üzvlərinin simasında gerçəkləşməkdədir. Hər ay nazirlər, komitə sədrləri mətbuatda çap olunmuş qrafikə uyğun olaraq bölgələrdə vətəndaşları qəbul edirlər. Bu qəbullar zamanı əhalinin çoxsaylı problemlərinin öz həllini tapmasını heç kəs inkar edə bilməz. Amma həmin qəbullarla bağlı əsaslı-əsassız müəyyən narazılıqlar da səslənirdi. Yəni, söhbət bəzi hallarda hansısa vətəndaşın qəbula düşə bilməməsi kimi iddialardan gedir. Düşünmək olar ki, bu qəbullarla bağlı məsuliyyət hissi bir qədər də artmış olacaq.

Belə görünür ki, Prezident Adminstrasiyasının məsul şəxsləri səviyyəsində vətəndaşlarla görüş formatı nazir qəbulları formatını gündəmdən çıxarmayacaq, əksinə, hakimiyyət ona çalışır ki, vətəndaşların problemi ilə daha geniş spektr məşğul olsun və problemlərə yanaşmada rəqabətli bir münasibət formalaşsın. İdeyanın maraqlı cəhəti də burasındadır. Çünki belə rəqabət xeyirli rəqabət olur və ümumi işə fayda gətirir. Əslində hakimiyyətə də bu lazımdır ki, kimsə öz işini görüntü xarakterli yerinə yetirməsin, üzərində bir nəzarət hiss etsin, alternativlik daha yaxşı iş prinsipi yaratsın. Problemlər dəqiq araşdırılsın və PA-nın məsul şəxsləri ən etibarlı mənbə rolunu uğurla icra edə bilsin. Bu baxımdan qeyd edilən formatların paralel çalışması yalnız və yalnız vətəndaşın xeyrinə işləyəcək.

Bu ideya İlham Əliyevin xalqa daha yaxın olmaq, onun içərisinə getmək, onu dinləmək, ona mənəvi dəstək vermək siyasətinin tərkib hissəsidir və vətəndaşla məmur arasındakı səddi aradan götürməyə xidmət edir; o cümlədən ölkə insanının dövlətinə inamını gücləndirir.

Vətəndaşların qarşısına çıxacaq yeni formatın necə işləyəcəyi bu inam məsələsində həlledici sözünü deyəcək!
Elman Babayev
Xəbəri paylaş