Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan startapı beynəlxalq startap müsabiqəsinin qaliblərindən oldu

Azərbaycan startapı beynəlxalq startap müsabiqəsinin qaliblərindən oldu


Newscenter.az.27.03.2019. 22-23 mart 2019-cu il tarixində Türkiyənin Bursa şəhərində “Capital” və “Economist” jurnallarının təşkilatçılığı ilə Uludağ İqtisadi Zirvəsinin 8-ci toplantısı və bu tədbir çərçivəsində “Stars of Region” adlı qlobal startap müsabiqəsi keçirilib.

Newscenter.az xəbər verir ki, Türkiyənin ən önəmli biznes və iqtisadi tədbirlərindən olan Uludağ İqtisadi Zirvəsi 2012-ci ildən təşkil olunur. Tədbirdə hər il Türkiyə və dünyanın müxtəlif ölkələrindən olan dövlət qurumlarının, özəl sektorun nümayəndələri və investorlar iştirak edirlər.

“Stars of Region” qlobal startap müsabiqəsinin şərtlərinə görə, final mərhələsinə (ilk 10-luq) keçən startaplar zirvə çərçivəsində öz məhsul və həlləri barədə investorlar qarşısında təqdimat etmək, ilk 3-lüyə daxil olan startaplar isə investisiya almaq imkanı əldə edirlər.

Ölkəmizdə fəaliyyət göstərən startapların bu müsabiqədə iştirak etməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq iş aparılmış və 30-dan artıq startap layihəsi müsabiqədə iştirak üçün qeydiyyatdan keçmişdi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İnnovativ Biznes Proqramının iştirakçısı olan “Hotel Race” startapı beynəlxalq müsabiqəyə qatılan iki mindən artıq startap arasından seçilərək final mərhələsində öz məhsul və həlləri barədə investorlar qarşısında təqdimat edib.

“Hotel Race” startapının əsas məqsədi informasiya texnologiyalarının tətbiqi ilə hotellər üçün innovativ idarəetmə həllərinin və digər analitik həllərin hazırlanmasıdır.

Müsabiqənin münsiflər heyəti final mərhələsinə daxil olmuş startaplar arasından I, II və III yerlərin qaliblərini müəyyənləşdiriblər.

Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq “Tion” (Türkiyə), “Hotel Race” (Azərbaycan) və “Sonaris” (İsrail) layihələri layiq görülüb. Tədbirin yekununda qaliblərə təşkilatçılar və tərəfdaşlar tərəfindən pul mükafatları təqdim edilib. Həmçinin qalib startaplarla qlobal bazara çıxmaları üçün investisiya qoyuluşu barədə danışıqlara başlanılıb.

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi ilk dəfə olaraq beynəlxalq startap müsabiqəsinin münsiflər heyətində təmsil olunub.

Belə ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov Uludağ İqtisadi Zirvəsi tədbirinin təşkilatçıları tərəfindən startap müsabiqəsinin münsifi seçilib.
Xəbəri paylaş