Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada “Dinlərarası sülhü əldə etmək yolları: din xadimlərinin, diplomatların və ictimai xadimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Rusiyada “Dinlərarası sülhü əldə etmək yolları: din xadimlərinin, diplomatların və ictimai xadimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib


Newscenter.az.27.03.2019. Rusiyanın paytaxtı Moskva şəhərində martın 25-də “Dinlərarası sülhü əldə etmək yolları: din xadimlərinin, diplomatların və ictimai xadimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan din xadimləri, diplomatlar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfrans fərqli din və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi ətrafında fikir mübadiləsi aparmaq, eyni zamanda bu sahədəki mövcud problemləri və perspektivləri müzakirə etmək məqsədilə təşkil olunub.
Konfransda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev təmsil ediblər.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, beynəlxalq konfransda çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətləri, tolerant və multikultural mühit, Azərbaycan həqiqətləri, o cümlədən dinlərarası dialoqun əhəmiyyəti barədə danışıb. Bildirib ki, bu gün dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verildiyi bir dünyada və zamanda dinlər, həmçinin mədəniyyətlərarası dialoqun bərqərar olması vacib və labüddür. Cəmiyyətdə, böyük miqyasda götürdükdə isə dünyada tolerantlıq prinsipləri bərpa olunmayana qədər dinlərarası dialoqdan danışmaq və bu istiqamətdə səy göstərmək əbəs yerə enerji sərf etməyə bənzəyir. Dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, sülh və əmin-amanlıq üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin, ən əsası ölkələrin səylərinin birləşdirilməsi zəruridir. Bu baxımdan Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Komitə sədrinin müavini diqqətə çatdırıb ki, vicdan azadlığını insan hüquq və azadlıqlarının yalnız bir parçası kimi deyil, həm də tarixi dəyər kimi uca tutan Azərbaycan xalqı müxtəlif dini inanclı insanların birgəyaşayış ənənələrini zənginləşdirərək, bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Məhz bu səbəbdən, Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən, dözümsüzlüyün bütün formalarını rədd edən humanist məkan kimi öz mövqeyini qoruyub saxlaya bilib.
Ümummilli Lider Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizdə din sahəsində sabitlik əldə edildiyini, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normaları müstəvisində tənzimləndiyini, konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması üçün hüquqi baza yaradıldığını deyən Səyavuş Heydərov Azərbaycanın dövlət-din münasibətləri modelinin hazırda Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirildiyini və bu modelin dünyada nümunə kimi qəbul olunduğunu vurğulayıb. Əlavə edib ki, hazırda Azərbaycan dünyada beynəlxalq təhlükəsizliyə ciddi təhdid olan dini və etnik zəmində baş verən qarşıdurmaların qarşısının alınmasında öz əməli fəaliyyəti ilə hərəkətverici qüvvəyə çevrilib. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi, 10 ilini tamamladığımız “Bakı prosesi” dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən qlobal xoşməramlı çağırışdır.

Konfrans iştirakçılarını Azərbaycan həqiqətləri barədə də məlumatlandıran sədr müavini qeyd edib ki, tarixi Azərbaycan torpaqlarının 20 faizindən çoxunun monokultural siyasət yürüdən Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulmasına, minlərlə soydaşımızın terrora məruz qalmasına, Dağlıq Qarabağ ərazisində çoxsaylı dini, mədəni və tarixi abidələrimizin Ermənistan silahlı birləşmələri tərəfindən dağıdılmasına baxmayaraq, Bakının mərkəzində yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə edilir. Təkcə bu faktların özü Azərbaycan dövləti və xalqının yüksək tolerant və multikultural mənəviyyatının bariz sübutudur.

S.Heydərov çıxışının sonunda ölkələr arasında müvafiq istiqamətdə təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi baxımından konfransın çox faydalı platforma olduğunu bildirib. Bəşəri dəyərlərə zidd olan zorakı hərəkətlərin dini inancla əlaqələndirilməsi məsələləri ətrafında qarşılıqlı müzakirələrin aparıldığı konfransın işinə uğurlar arzulayıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev çıxışında konfransın olduqca aktual mövzuya həsr olunduğunu və zamanın tələbi olduğunu bildirib. Vurğulayıb ki, qloballaşan dünyada dinlərarası sülhə ehtiyac duyulur. Müsəlmanların ekstremist kimi təqdim edilməsi cəhdləri dünyanın müxtəlif bölgələrində davam edir və İslamın mahiyyəti haqsızlıqla təhrif edilir. Yeni Zelandiyada son dövrdə baş verən terror hücumu bunun bir nümunəsidir. QMİ sədrinin birinci müavini qeyd edib ki, ekstremizmə, radikalizmə qarşı olan xarici düşmənçiliyin bütün təzahürlərini, xüsusən islamofobiyanı aradan qaldırmaq yalnız dövlətlərin, ictimai və siyasi xadimlərin, o cümlədən dini qurumların birgə səyləri ilə mümkündür. Onun sözlərinə görə, din siyasətdən ayrı olsa da qlobal reallığın ayrılmaz bir hissəsidir. Zamanın özü, baş verən proseslər bizdən birgə səylərimizi artırmağımızı tələb edir. S.Musayev çıxışının sonunda diqqətə çatdırıb ki, Rusiya həmişə İslam dünyasına, müsəlman mədəniyyətinə xoş münasibəti ilə seçilib. Çoxmillətli və çoxkonfessiyalı bir dövlət olaraq Rusiya Federasiyası ənənəvi dinlərin normal varlığı və inkişafı üçün bütün lazımi şərait yaradır. Bugünkü konfrans da bu münasibətin məntiqi nəticəsidir.
Beynəlxalq konfrans işini panellərlə davam etdirib.
Xəbəri paylaş