Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO-nun Cənubi Qafqaza marağı artır

NATO-nun Cənubi Qafqaza marağı artır


Newscenter.az.28.03.2019. Supergüclərin Cənubi Qafqaza olan marağı getdikcə artır. Bir tərəfdən Birləşmiş Ştatlar, digər tərəfdən isə Rusiya regionda möhkəmlənmək, Cənubi Qafqaz ölkələri ilə daha sıx əməkdaşlıq etmək siyasətini həyata keçirir. Bütün cərəyan edən bu proseslərin fonunda isə NATO-da Cənubi Qafqaza doğru sürətlə irəliləyir desək yanılmarıq. Bu günlərdə Hərbi Alyansın Gürcüstanda hərbi təlim keçirməsi və hərbi təlim çərçivəsində NATO rəsmilərinin Azərbaycan və Gürcüstan hərbiçiləri ilə görüşməsi deyilənlərin təsdiqidir. Ekspertlər hesab edirlər ki, Hərbi Alyansın Cənubi Qafqazda möhkəmlənmək istəyi Kreml tərəfindən heç də normal qarşılanmır və şübhə edilmir ki, yaxın vaxtlarda Rusiya NATO-nun bu planına qarşı adekvat addımlar atacaq.

Hərbi Alyansın regionumuzda möhkəmlənmək planına nazər salan müstəqil ekspert Rusif Məmmədsoy deyir ki, NATO (North Atlantic Treaty Organization) 1949-cu il aprel ayının 4-də yaradılmış hərbi təşkilatdır. Bir həftə sonra bu təşkilatın 70 illiyi qeyd ediləcək:

“Bu mənada NATO uzun omürlüyü ilə seçilən qurumlardan biridir. NATO hazırda Cənubi Qafqazda xüsusi fəallığı ilə seçilir. Belə ki, NATO baş katibi Yens Stoltenberq mart ayının 24-də Gürcüstana gəlib. Gəlişinin məqsədi isə ikitərəfli əlaqələri inkişaf etdirmək və Gürcüstanın NATO-a üzvlüyünü sürətləndirmək olub. Bildiyiniz kimi mart ayının 18-dən 29-a qədər Gürcüstanda NATO çərçivəsində hərbi təlimlər keçirilir. Hansı ki, Azərbaycan hərbiçiləri də həmin təlimlərdə iştirak edir”.

Bəs NATO-nun bu fəallığını nəyə borcluyuq?


Ekspertin qənaətincə, NATO uzun illərdir ki, öz varlığını qoruyub saxlamış bir təşkilatdır:
NATO-nun Cənubi Qafqaza marağı artır

“Lakin, son bir ildə bu hərbi təşkilatın içində müəyyən çatlar əmələ gəlib ki, bu da sonda ona olan inamı azaldır. İlk olaraq həmin çatların yaranması Türkiyənin adı ilə bağlıdır. Belə ki, Suriyada iki NATO ölkəsi olan Birləşmiş Ştatlar və Türkiyə faktiki olaraq bir-birinə əks cəbhələrdə mübarizə aparır. Bunun da əsas səbəbkarı məhz Amerikadır. Çünki, Birləşmiş Ştatlar öz müttəfiqi olan Türkiyəyə qarşı PKK (PYD, YPG )-a hər növ dəstək göstərir. Bütün bunlardan sonra Türkiyə tərəfi də Rusiya ilə yaxınlaşaraq Suriyada birgə hərəkətə başladı. Hətta rus istehsalı olan S-400 silahlarını da aldı. Təbii ki, bütün bunlar NATO-ya olan inamı azaltmaya bilməzdi. Bunun ardınca Birinci Dünya Müharibəsinin 100 illiyi ilə bağlı Parisdə iştirakçı ölkələrin liderlərinin də iştirak etdiyi tədbir keçirilmişdi. Həmin tədbir zamanı Fransa prezidenti Emmanuel Makron maraqlı çıxışı ilə yadda qalmışdı. O, öz nitqi zamanı bildirmişdi ki, biz özümüzü qorumaq üçün vahid “Avropa Ordusu” yaratmalıyıq. NATO artıq daha fəallaşmalı və Birləşmiş Ştatlar da müttəfiqlərinə qarşı sadiq olmalıdır. Əks halda yaxın illərdə NATO ikinci Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ola bilər. Yəni, adı var özü yox”.

Rusif Məmmədsoy deyir ki, NATO-a inamın azaldığı bir zamanda Cənubi Qafqazda fəallığını artırmağa başlayıb:

“Lakin, əsas suallardan biri də budur ki, bu fəallıq öz nəticəsini verəcəkmi ? Əvvəlcə onu qeyd etməliyəm ki, 2008-ci ildən bu yana baş vermiş hadisələrdən sonra Cənubi Qafqaz ölkələri NATO-ya bir o qədər də maraq göstərmir. Çünki, 2008-ci ildə Gürcüstan torpaqlarının, 2014-cü ildə isə Krımın ilhaq edilməsi göstərdi ki, olan yalnız həmin ölkələrə oldu. Yəni, NATO heç bir dəstək göstərmədi. Lakin, istənilən halda Gürcüstan bu hərbi təşkilata üzv olmaqda maraqlıdır.Əvvəlki illərdə Gürcüstanın üzvlüyünün gerçəkləşə bilməməsinin müxtəlif səbəbləri var idi. Məsələn, Avropanın lider dövlətlərindən olan Almaniya Rusiya ilə münasibətləri pozmamaq üçün bu keçidi ləngidirdi. Eyni vəziyyət bu gün də hökm sürür. Almaniya Rusiyadan qaz alır, iqtisadi əməkdaşlıqları mövcuddur. Lakin, hazırda Fransa amili də var ki, sabiq fransız siyasətçisi Salome Zurabaşvilini dəstəkləyəcəyini düşünürəm. Düşünürəm ki, NATO 70 illiyi ilə bağlı ya Ukrayna , ya da Gürcüstanı üzv edə bilər. Bu həm də təşkilata inamı bərpa edə bilər”.

Ekspertin sözlərinə görə, NATO Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstana deyil, eyni zamanda da Azərbaycana maraq göstərir:
NATO-nun Cənubi Qafqaza marağı artır

“Hesab edirəm ki, Birləşmiş Ştatların ölkəmizə son səfir təyinatı da məhz bununla bağlı idi. Belə ki, Örl Litzenberq NATO daxilində müxtəlif yüksək vəzifələrdə çalışmış bir şəxsdir. Xüsusilə də hərbi sahədə təcrübəli biridir. Düşünürəm ki, onun təyinatı ölkəmizin də NATO-a üzvlüyü üçün zəmin yaratmaqdan ibarətdir. Lakin, Azərbaycan tərəfi balanslaşdırılmış siyasət yürüdür. Bu isə o deməkdir ki, Azərbaycan heç bir hərbi təşkilata üzv deyil. Lakin, istənilən halda həm Azərbaycan, həm də Gürcüstan 1994-cü ildən etibarən “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak edir. Bundan sonra da bu proqramların iştirakşısı kimi çıxış edəcək və hərbi təlimlərdə də təmsil olunacaq. Lakin, NATO Azərbaycanda üzv olmaq üçün maraq oyada biləcəkmi? Bunu Gürcüstanın və Ukraynanın torpaq bütünlüyünün bərpa edilməsindən sonra cavablandırmaq olar”.
Xəbəri paylaş