Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutunun heyəti Gəncə Dövlət Universitetində olub

 İlahiyyat İnstitutunun heyəti Gəncə Dövlət Universitetində  olub


Newscenter.az.12.04.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, institutun növbəti səfəri Gəncə şəhərinə olub. Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və İnstitutun əməkdaşları səfər çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) və “İmamzadə” dini kompleksində olublar.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusibovla görüşüb. GDU-nun rektoru Y.Yusibov Universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən bəhs edib. Universitet rəsmisi Aİİ ilə GDU arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Gəncə Dövlət Universitetində baş tutan görüşdən məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsi ilə Aİİ arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında ətraflı məlumat verən C.Məmmədov xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini nəzərə çatdırıb.

Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq; maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma; birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması; iki ali təhsil müəssisəsi arasında müştərək fənlər üzrə müəllim mübadiləsinin formaları; yay məktəbi çərçivəsində ikitərəfli görüşlərin təşkili barədə müzakirələr aparılıb.

Xəbəri paylaş