Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin təpədən-dırnağa seçki çirkabına batdığını iddia etməyə tələsməyək

Türkiyənin təpədən-dırnağa seçki çirkabına batdığını iddia etməyə tələsməyək


Newscenter.az.7.05.2019.
İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsini Türkiyə vətəndaşlarındansa daha çox bizim bəzi insanlarımız isteriya ilə və faciə kimi qəbul etdilər. Sanki bu qosqoca Türkiyə Cümhuriyyətinin çöküşü, məhv olması deməkmiş. Bəli, onlar olayı bu dərəcəyə qədər şişirtdilər, olduğundan artıq tündləşdirməyə çalışdılar. Roma Papasından da üstün katolik olmağa, xristianlıq etməyə çalışan şəxslər kimi bizimkilər də YSK-nın dünənki qərarını ən qatı Türkiyə millətçisindən də betər şəkildə "yıxıb sürüdülər". Biri yazır ki, Türkiyənin də "MSK"-sı çox dözə bilmədi diktatura qarşısında. Bir başqası yazır ki, bu qərar Türkiyə demokratiyasına zərbədir, basqıdır. Üçüncü, dördüncü, beşinci və digər "Türkiyəşünas" vətəndaşlarımız Əkrəm İmamoğlunu bütləşdirir, ermənilərə sıcaq yanaşan CHP-yə rəğbətlərini bildirirlər. Bəziləri isə hətta yumorlu fantaziyalarını işə salıb YSK-nın qərarını Ərdoğanın Əkrəm İmamoğluna "Ramazan sürprizi" kimi də dəyərləndirir...

Tamam, anladıq, bütün bu həyəcanlarınız, narahatlığınız Türkiyəyə qarşı sevgidən, sayğıdan irəli gəlir. Türkiyə bizim qardaş ölkəmizdir, təbii müttəfiqimizdir. "Bir millət, iki dövlət" sözünü əbəs yerə demirik ki. Bu, hər zaman da belə olacaqdır. Amma sevgimiz öz yerində, məsələnin bir də siyasi və hüquqi boyutu vardır. Biz Türkiyənin siyasi proseslərinə qarışa bilmərik. YSK-nın qərarına da hörmətlə yanaşmalıyıq. Türkiyədə kifayət qədər mükəmməl bir siyasi münasibətlər sistemi və oturuşmuş demokratik ənənələr var. Odur ki, İstanbulda iş təkrar seçkiyə qalırsa da belə, bu Türkiyə demokratiyasına heç bir xələl gətirməyəcək. Və sonda yenə də xalqın iradəsi öz sözünü deyəcək. Odur ki, gəlin hadisələri qabaqlamağa, Ərdoğana "diktator" damğası vurmağa və Türkiyənin təpədən-dırnağa seçki çirkabına batdığını iddia etməyə də tələsməyək. Baş verənləri sadəcə Türkiyə demokratiyasının növbəti imtahanı kimi dəyərləndirək.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş