Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin ən böyük missiyası

Heydər Əliyevin ən böyük missiyası


Newscenter.az.8.05.2019. Ümummilli lider Heydər Əliyevin ən böyük missiyası Xilaskarlıqdır. Müstəqil Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə üz-üzə qalanda yeganə məqsədi dövlətin bütövlüyünü qorumaq, parçalanma və məhv olma təhlükəsindən xilas etmək olmuşdur. 1993-cü il iyunun 7-də Naxçıvan MR Ali Məclisinin Sədri olan Heydər Əliyev həmin günlərdə respublikada baş vermiş hadisələrə dərhal münasibət bildirdi və bəyanat qəbul olundu. Bəyanatda qanlı qardaş qırğınını qarşısının alınması, dövlətin suverenliyinə təhlükə yaradan bütün halların aradan qaldırılması üçün təcili təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyi bildirilirdi.

... Heydər Əliyev Yolgöstərəndir Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini, Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Gəncə şəhərinə yollanaraq vətəndaş müharibəsinin qarşısını almaq, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən bir daha qorumaq üçün həyatını təhlükəyə atdı.

.... Heydər Əliyev Böyük İnsan idi. Hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatlara, qarayaxma kampaniyasına, bəzi xəyanətkar dövlət xadimlərinin bu əməllərinə baxmayaraq, ağır günlərdə xalqın köməyinə çatdı. Onun müdrik bir fikrini xatırlamamaq olmur: “Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

... Heydər Əliyev üçün bir müqəddəs amal var idi: Dövlətin qüdrəti, xalqın məhəbbəti. Ulu öndər xalqına dərindən bağlı olduğuna, canından əziz Vətəni sonsuz məhəbbətlə sevdiyinə, yenidən bərpa olunmuş müstəqil ölkənin yad qüvvələrin işğalına düşməsini qətiyyən qəbul edə bilmədiyinə və ölkədə qardaş qırğınının, vətəndaş müharibəsinin baş verməsinə qətiyyət yol verməyə razı olmadığına görə ölkəyə rəhbərliyi qəbul etdi.

... Ulu öndər üçün insanların həyatı, təhlükəsizliyi, dövlətin stabil olması hər şeydən öndə dururdu. Dahi rəhbər əmin-amanlığın, sabitliyin dönməzliyini, insanların təhlükəsizliyinin təmin olunmasını, dincliyi çox vacib məsələrdən biri sayırdı. Ona görə də, insanların həyatının təhlükə altında qoymaq istəmirdi. Bu, Onun böyüklüyünün, insanların təhlükəsizliyinin qorunmasına olan diqqətinin ifadəsi idi. Heydər Əliyevin dövlətçiliyə, insanlara verdiyi böyük dəyərin təntənəsi idi. Onun bü müdrikliyinin nəticəsi idi ki, Azərbaycanda insanların təhlükəsizliyinin təmin olunduğu sivil və qanunlarla işləyən cəmiyyər quruldu, silah gücünə hakimiyyətə gəlmək ənənəsinə son qoyuldu.

... Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. İnsanlar Onu "Heydər baba, xalqı bu bəladan qurtar!" kimi şüarlarla qarşıladı.

... Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan Heydər Əliyev böyük çətinlikləri dəf etməli oldu. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər. İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. Ölkənin ictimai, siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsl dönüş yarandı.

Vaqif Abdullayev
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş