Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Horadizdə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Horadizdə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib


Newscenter.az.31.05.2019.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Horadiz şəhərində "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə mayın 31-də öz işini davam etdirib.

Newscenter.az xəbər verir ki, dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Füzuli RİH başçısının müavini Gülbahar Eyvazova bildirib ki, Azərbaycanda mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur. G.Eyvazova deyib ki, ölkəmizdə vicdan azadlığının təmin edilməsi, dini icmalara fəaliyyətlərinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, xalqımızın tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Onun sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin davamı olaraq Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb.

Natiq diqqətə çatdırıb ki, dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq-aydın görmək mümkündür: “Ölkəmizdə bütün dinlərə məxsus abidələr təmir və bərpa edilir, eyni zamanda yeniləri tikilir”,-deyə sədrin birinci müavini vurğulayıb.

S.Salahlı ölkə başçısının bir neçə gün öncə Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncamını xatırladaraq, bunu dövlətin dinə və dindarlara növbəti qayğısı kimi dəyərləndirib. Dövlət Komitəsi sədrinin birinci müavini onu da deyib ki, bu Sərəncam mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədilə verilib.

Horadiz şəhər "Əhli-Beyt" məscidinin imamı Nəriman Nəsirov bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb, rayonda dindarlara göstərilən qayğıdan bəhs edib.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Saleh Aslanov dövlətin milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində diqqət və qayğısını yüksək qiymətləndirib. O bildirib ki, gənclər milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı və müasirlik milli-mənəvi dəyərlərə qarşı olmamalıdır.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş "Üfüqdəki gələcək" sənədli filmi nümayiş olunub.
Xəbəri paylaş