Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqlar gününə həsr olunmuş silsilə bayram tədbirlər keçirilib

Uşaqlar gününə həsr olunmuş silsilə bayram tədbirlər keçirilib

Newscenter.az.1.06.2019. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün Bakı metropolitenində müxtəlif layihələrlə qeyd edilməsi artıq bir ənənəyə çevrilib. Bu il isə daha geniş miqyasda tədbirlərin keçirilməsi nəzərdə tutulub. Fərqli sosial layihələri ilə ictimaiyyətin diqqətini günün aktual məsələlərinə cəlb edən "Bakı Metropoliteni" QSC-nin uşaqlara həsr olunmuş builki üç fərqli layihəsi daha zəngin və rəngarəng tədbirləri özündə cəm edəcək.

Newscenter.az xəbər verir ki, iyunun 1-də saat 11:00-da "İçərişəhər" stansiyasında "Bakı Metropoliteni" QSC rəhbərliyinin təşəbbüsü ilə uşaqlara Əməkdar artist, şoumen, şən və hazırcavab “Bakılı oğlan” Bəhram Bağırzadənin kitabları paylanılacaq. Bu mərasimi kiçik sərnişinlərə daha özəl və yaddaqalan etmək məqsədilə bayram tamaşasına kitabların müəllifi də dəvət olunub. Yaşından asılı olmayaraq hər kəsin sevimlisinə çevrilmiş qəhrəmanımız uşaq kitablarına ürək sözlərini və imzasını qeyd edərək metropolitenin azyaşlı sərnişinlərinə özü təqdim edəcək.

Bayram tamaşası çərçivəsində uşaqlara əyləncə dolu saatlar bəxş ediləcək. Onlara müxtəlif personajların, jonqlyorların iştirak edəcəyi rəngarəng, maraqlı tamaşa təqdim ediləcək. Şou-proqram uşaqların heyranlıqla seyr etdiyi maraqlı hədiyyələri, şən təlxəklərin və xüsusi dəvət edilmiş sehrbazın nümunəvi çıxışları ilə daha da zənginləşdiriləcək.

Stansiyada Azərbaycanın məşhur uşaq mahnıları bayram ovqatını daha da yüksəldəcək.

Ötən ilin həmin günündə olduğu kimi, bu dəfə də metropoliten stansiyalarında qatarların anonsları uşaqların dili ilə səsləndiriləcək. İyunun 1-dən başlayaraq üç gün ərzində onların maraqlı, mehriban və şirin səsi sərnişinlərimizə xoş ovqat bəxş edəcək.
Xəbəri paylaş