Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xalqı Hacı Muradın məzarını uzun illər boyu əmanət kimi qoruyub saxlayıb

Azərbaycan xalqı Hacı Muradın məzarını uzun illər boyu əmanət kimi qoruyub saxlayıb


Newscenter.az.4.06.2019. “Nəsimi, Füzuli bizim üçün nə qədər dəyərlidirsə, Hacı Murad da dağıstanlılar, xüsusən də avarlar üçün o qədər dəyərli tarixi şəxsiyyət sayılır. Hərçənd ki, Hacı Murad qələm əhli yox, qılınc adamıdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov Hacı Muradın nəşinin çıxarılıb Dağıstana aparılmasına münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, biz Nəsiminin və Füzulinin məzarlarını illərdir ki, Azərbaycana gətirmək istədiyimiz kimi, avarlar da Hacı Muradın nəşinin Dağıstana aparılması və doğulduğu yurd yerində - Xunzax kəndində yenidən dəfn edilməsi üçün səy göstərirlər:

“Əlbəttə, onların bu istəklərinə normal yanaşmaq olar. Ancaq bunu "oğurluq" yolla həyata keçirmək qəti şəkildə yolverilməzdir. Bu məsələ yanlız dövlətlərarası (Azərbaycan və Rusiya) danışıqlar və razılaşdırmalar yoluyla tənzimlənə bilərdi. Üstəlik, bu işdə Azərbaycan xalqının qarşı tərəfə mənəvi halallıq verib-verməməsi də çox önəmli məqamdır. Azərbaycan xalqı əfsanəvi Şeyx Şamilin naibi və Lev Tolstoyun ədəbi qəhrəmanının - Hacı Muradın məzarını uzun illər boyu əmanət kimi qoruyub saxlayıb. İndi bunun qarşılığında xalqımıza quruca bir "çox sağol" sözünü belə demədən, Hacı Muradın nəşinin Qax rayonundakı məzardan naməlum şəkildə oğurlanaraq Dağıstana aparılması və orada dəfn edilməsi barədə yayılan ziddiyətli xəbərlər həqiqətən də dərin təəssüf hissi doğurur”.

Partiya sədri deyib ki, Azərbaycan hakimiyyəti heç vaxt Hacı Muradın qalıqlarının Dağıstana təhvil verilməsi məsələsinə etiraz etməyib, müqavimət göstərməyib, buna süni şəkildə əngəl yaratmağa çalışmayıb:

“Belə olduğu təqdirdə, Dağıstandakı bəzi şəxslərin Hacı Murad kimi nəhəng tarixi şəxsiyyətin xatirəsini bu cür urvatsız etmək cəhdləri anlaşılan deyil. Zənnimcə, bu məsələ diqqətdə saxlanılmalı və çox ciddi şəkildə araşdırılmalıdır”.
Xəbəri paylaş