Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fuad Muradovun Baltikyanı ölkələrə səfəri başa çatıb

Fuad Muradovun Baltikyanı ölkələrə səfəri başa çatıb


Newscenter.az.14.06.2019. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliik etdiyi nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri Litvada Vilnüs Universiteti ilə tanışlıqdan başlayıb. Newscenter.az-a daxil olan məlumata görə, komitə sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətini və Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevi universitetin rəhbərliyi qarşılayıb. Universitetin tarixi, strukturu, müəllim-tələbə heyəti barədə qısa məlumat verildikdən sonra qonaqlar burada fəaliyyət göstərən Azərbaycan auditoriyası ilə tanış olublar. Tanışlıq zamanı azərbaycanlı tələbə və müəllimlər haqqında məlumat verilib, gələcəkdə daha çox soydaşımızın bu tədris ocağında təhsil almasına dair fikir mübadiləsi aparılıb, auditoriyaya kitablar hədiyyə olunub.

Daha sonra bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılarla görüş keçirilib. 60 nəfərə yaxın soydaşımızın qatıldığı tədbir Dövlət Himninin səsləndirilməsilə başlayıb. Tədbirdə Azərbaycan diasporu və Diaspor Komitəsinin fəaliyyətilə bağlı infoqrafik video-çarx nümayiş etdirilib.

Səfir Tamerlan Qarayev çıxış edərək, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib, diqqəti diaspor hərəkatında canlanmanın müşahidə olunduğuna cəlb edib. O, Litvadan 2 nəfərin Diaspor Gənclərinin II Yay Düşərgəsinə seçildiyini qeyd edərək, onlar haqqında da qısa məlumat verib.
Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin qarşılıqlı anlaşmaya və dostluğa söykəndiyini xatırladan Dövlət Komitəsinin sədri bildirib ki, soydaşlarımız diaspor hərəkatının gücləndirilməsi, birgə fəaliyyətin təmin olunması naminə müxtəlif ölkələrdə Koordinasiya Şuraları təsis edirlər. Bu, birgə fəaliyyət üçün çox vacibdir. Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası da buna nümunədir. Şuranın artıq əlaqələndiriciləri də seçilib və ümid edirəm ki, bu Şura soydaşlarımızın daha səmərəli və aktiv fəaliyyətinə dəstək olacaqdır.

Qeyd edək ki, Baltikyanı ölkələrdə yaşayan soydaşlarımızın birgə toplantısı keçirilib. Riqada keçirilən toplantıda soydaşlarımız Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi ilə bağlı qərar qəbul ediblər.

Konfransda Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Baltikyanı ölkələrdə yaşayan 100-ə yaxın soydaşımız və diaspor rəhbərləri iştirak edib. Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlardan, diaspor siyasətinin uğurlu nəticələrindən, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və vahid ideya ətrafında birləşməsinin əhəmiyyətindən danışıblar.

Komitə sədri bildirib ki, “biz müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuralarının toplantılarına dəvət alırıq və imkanlarımız daxilində çalışırıq ki, bu cür tədbirlərdə iştirak edək. Bu günkü təsis yığıncağı da Latviya, Litva və Estoniyadakı diaspor təşkilatlarını əhatə edir”.

Diaspor rəhbərləri və soydaşlarımız çıxış edərək Baltikyanı ölkələrdə mövcud olan diaspor təşkilatlarının fəaliyyəti və yeni yaradılan Koordinasiya Şurasının işinin səmərəli təşkili ilə bağlı təkliflərini səsləndiriblər. Çıxış edənlər Azərbaycanın diaspor siyasətini dəstəklədiklərini bir daha diqqətə çatdırıblar.
Toplantıda maraqlı və geniş fikir mübadiləsi aparılıb.
Vaqif
Xəbəri paylaş