Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ordumuz düşmən üzərində qalibiyyət salnaməsi yazmağa qadirdir



Newscenter.az.24.06.2019. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı zəmanəti olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın Ümummilli lideri, görkəmli sərkərdə Heydər Əliyevin şah əsərlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin siyasi uzaqgörənliyinin və yorulmaz fəaliyyətinin məntiqi nəticəsidir.

Ulu öndər Heydər Əliyev, Azərbaycanın Ordusunun maddi-texniki bazası qədər vacib olan peşəkar kadr hazırlığını, milli hərbi heyətin formalaşmasını Onun rəhbərliyinin birinci dövründə - ötən əsrin 70-ci illərində başlatmışdı. O, 50 il əvvəl Azərbaycan Ordusnun əsaslarını yaradırdı. Onun birbaşa qətiyyəti və fədakarlığı sayəsində Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəbin fəaliyyətə başlaması, ittifaq respublikalarının ən yüksək hərbi-təhsil müəssisələrində azərbaycanlı hərbçi mütəxəssislərin yetişdirilməsi gələcək müstəqil Ordu quruculuğuna hesablanmış uzaqgörən düşünülmüş siyasət idi. Heydər Əliyevin bununla bağlı fikirləri daha aydın mənzərəni əks etdirir: "Mən Azərbaycanda heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi məktəb yartamaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm".

1970-ci illərdə kecmiş ittifaq respublikalarının qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin sayı kəskin şəkildə artırıldı. İttifaqın 45-dən artıq ali hərbi məktəbinə ildə Azərbaycandan 800-900 nəfər gənc göndərilirdi. Ulu Öndər sonradan xatırlayırdı ki, bunların hamısını edərkən biz öz xalqımız haqqında düşünürdük. “Düşünürdük ki, xalqımızda hərbi peşə itməsin, xalqımız hərbi peşədən məhrum olmasın. Mən eyni zamanda o vaxt düşünürdüm ki, gələcəkdə bu, bizə lazım olacaqdır”. Heydər Əliyevin ən qabaqcıl hərbi müəssisələrə göndərdiyi yüzlərlə azərbaycanlı peşəkar kadr kimi yetişdirilərək Vətənə qayıtması Silahlı Qüvvələrin kadr bazasının formalaşmasına səbəb olmuşdu.

Respublikamızda Milli Hərbi Aviasiya Məktəbinin yaradılması, digər hərbi müəssisələrin təşkili Ordu quruculuğu sahəsində növbəti möhtəşəm addım oldu.

Müstəqilliyin ilk illərində o zamankı iqtidarın yaratdığı xaos, özbaşınalıq ordu quruculuğuna da öz mənfi təsirini göstərmişdi. Pərakəndə və dağınıq olan, nizamsız fəaliyyət göstərən və müxtəlif qüvvələrin tabeçiliyində olan silahlı birləşmələrimiz ayrı-ayrı insanların, qrupların maraqlarına xidmət edirdi. Ordumuzdakı bu acınacaqlı vəziyyət torpaqlarımızın 20 faizinin işğalı, bir milyona yaxın vətəndaşımızın didərgin düşməsi ilə nəticələndi.

Məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Dövlət və Ordu quruculuğu istiqamətində yeni mərhələnin təməli qoyuldu. Onun yüksək sərkərdəlik bacarığı və hərb işinin incəliklərinə peşəkar yanaşma qabiliyyəti ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanıldı, mərkəzləşdirilmiş vahid Ordun formalaşdırıldı.

Heydər Əliyev 1994-2000-ci illərdə hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi, hərbi kadrların peşəkarlığının yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər gördü. Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin Türkiyə, Ukrayna, Rusiya, Pakistan, Çin, Almaniyan, Böyük Britaniya, İtaliya, Rumıniya, Macarıstan və digər ölkələrin tanınmış hərbi akademiyalarında və kurslarında təhsil alması Ordumuzun kadr bazasının möhtəşəmliyini artırdı.

Ulu öndər davamlı şəkildə hərbi hissələrdə, cəbhənin ön xəttində olurdu. Bu, Ordunun hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə təsir göstərirdi.

Heydər Əliyev Ordumuzun şərəf tarixi olan 26 iyuna böyük ehtiramını nümayiş etdiridi. Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə hörmət və sədaqət nümayiş etdirərək həmin tarixi hadisənin baş verdiyi günü Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi elan edilməsi haqqında 1998-ci ildə müvafiq fərman imzaladı. Həmin fərmana əsasən, iyun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd edilir.

Heydər Əliyevin yaratdığı güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Silahlı Qüvvələrini bu gün regionun ən qüdrətli Ordusudur. Bu gün Azərbaycan Ordusu güclü və qüdrətlidir. Silahlı Qüvvələrimiz işğalçı Ermənistan üzərində qalibiyyət salnaməsi yazmağa qadirdir.

Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş